COP for Hope: Azərbaycanda təbiət hadisələrinə görə sığorta ödənişlərinin həcmi açıqlandı (FOTO)
COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.
Budəfəki müsahibimiz Dövlət Aqrar Sığorta Fondunun nümayəndəsi Əli Əhmədovdur.
O, Trend-ə açıqlamasında qeyd edib ki, iqlim dəyişiklikləri nəticəsində dünyada katostrafik risklər kəskin artıb.
“Bu ölkəmizdən də yan keçməyib”.
O bildirib ki, 1990-2022-ci illər arasında Azərbaycanda dolu hadisələrinin sayı 3 dəfə, daşqın hadisələri 18, şiddətli küləkli günlərin sayı isə 12 dəfə artıb.
“Bu, özünü ödənişlərdə də göstərir. Belə ki, 2021-2022-ci illərdə ölkəmizdə aqrar sığorta ilə bağlı müraciətlərin, qeydə alınan hadislərin 92%-i təbiət hadisələrinə aiddir. Ödənişlərin 54%-i fırtına, 25%-i dolu, 13%-i subasma, qalanı isə başqa hadisələrə görə olub.
2022-2023-cü illərdə isə təbiət hadisələrinə görə ödənişlərin payı 94% olub. Ümumilikdə isə Fond tərəfindən təbiət hadisələrinə görə sığorta ödənişləri on milyon manatı keçib. Bu ilin doqquz ayı üzrə isə aqrar sığorta üzrə üç milyon səkkiz yüz min manat aqrar sığorta ödənişi həyata keçirilib.
Azərbaycanda yaradılan aqrar sığorta mexanizmi və onu reallaşdıran Aqrar Sığorta Fondunun yaradılmasında məqsəd kənd təsəərrüfatına dəyən ziyanı kompensasiya etməkdir”, – o qeyd edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.