Prezident İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 10-da Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşüb.

Qvineya-Bisau Prezidenti COP29-un yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə dövlətimizin başçısına təşəkkürünü bildirdi, bu tədbirin uğurla keçəcəyinə əminliyini ifadə etdi.

Görüşdə ölkələrimiz arasında ilk növbədə təhsil sahəsində əməkdaşlıq məsələsinə toxunuldu, Qvineya-Bisaudan olan müxtəlif sahələrə aid mühəndislərin, tibb sahəsi üzrə mütəxəssislərin hazırlanmasına dəstək və təqaüdlərin verilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

İlham Əliyev Qvineya-Bisau Prezidenti ilə görüşüb

Dövlətimizin başçısı qeyd etdi ki, Azərbaycan Qoşulmama Hərəkatına və İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrə qrantlar ayıraraq bu sahədə öz dəstəyini göstərir. Bu xüsusda, Qvinea-Bisaudan olan tələbələrə də qrantların verilməsi məsələsi müzakirə olundu.

Söhbət zamanı ölkələrimiz arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və bununla bağlı nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili, həmçinin xarici işlər nazirləri vasitəsilə siyasi məsləhətləşmələrin aparılması məsələlərinə toxunuldu.