Azərbaycan-Qırğızıstan müttəfiqliyi regional əməkdaşlıq üçün yeni imkanlar yaradır

Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının geostrateji baxımdan yaxınlaşması prosesində Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasət xətti müasir beynəlxalq hüquq müstəvisində keyfiyyətcə yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır. Qırğız Respublikasına həyata keçirilən dövlət səfərinin normativ-hüquqi, iqtisadi-maliyyə və geonəqliyyat aspektlərindən təhlili göstərir ki, dövlətimizin başçısının şəxsi diplomatik təşəbbüsləri ikitərəfli münasibətləri klassik tərəfdaşlıq çərçivəsindən çıxararaq qarşılıqlı strateji əlaqələrə, etimada və öhdəliklərə əsaslanan müttəfiqlik səviyyəsinə yüksəldib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, səfərin hüquqi-siyasi əsasını təşkil edən “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” beynəlxalq hüququn əsas prinsiplərinə uyğun olaraq tərəflərin suveren bərabərliyi, ərazi bütövlüyü və dövlət suverenliyinə hörmət prinsiplərini özündə əks etdirir. Prezident İlham Əliyevin hüquqi-siyasi uzaqgörənliyinin məntiqi nəticəsi olan bu sənəd iki ölkənin xarici siyasət və təhlükəsizlik paradiqmalarının unifikasiyasını normativ akt səviyyəsinə qaldırır.

“Geoiqtisadi və maliyyə-investisiya inteqrasiyasında Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji hədəflər kapitalın multiplikativ effektivliyini artırmaqla yanaşı, regionlararası makroiqtisadi sabitliyin təminatçısı rolunu oynayır. Bu prosesin davamı olaraq Azərbaycan-Qırğız İnkişaf Fondunun nizamnamə kapitalının 200 milyon ABŞ dollarına çatdırılması haqqında beynəlxalq-hüquqi razılaşma isə ikitərəfli əlaqələrə töhfə olmaqla yanaşı, Azərbaycanın Cənubi Qafqaz hüdudlarını aşaraq Mərkəzi Asiyada institusional sərmayəçi və maliyyə donoruna çevrilməsinin göstəricisidir”, – deyə o əlavə edib.

Deputat qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun hüquqi, tarif və infrastruktur baxımından daha səmərəli fəaliyyətini təmin edən Beynəlxalq Avtomobil Əlaqələri haqqında Saziş və dəniz yükdaşımalarına dair memorandumlar Prezident İlham Əliyevin geostrateji baxışının Avrasiyanın nəqliyyat və logistika xəritəsinin yenidən formalaşmasında mühüm rol oynadığını göstərir. Bu sənədlər, eyni zamanda nəqliyyat əlaqələrinin genişlənməsinə, yükdaşımaların asanlaşmasına və regionda enerji və nəqliyyat təhlükəsizliyinin daha da möhkəmlənməsinə xidmət edir. Məhz buna görə də energetika sahəsində 2026-2028-ci illəri əhatə edən Yol Xəritəsi və karbohidrogen resurslarının tədarükünə dair imzalanan sənədlər Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyindəki rolunu daha da gücləndirir.

“Azərbaycanın birbaşa investisiyası hesabına İssık-Kul sahilində inşa edilən “Baku Resort & Spa” mehmanxana kompleksi, həmçinin Şuşa-Çolpon-Ata, Qəbələ-Karakol və Gəncə-Oş şəhərləri arasında imzalanan qardaşlaşma memorandumları Prezident İlham Əliyevin iqtisadi, humanitar və mədəni əməkdaşlığa əsaslanan siyasətinin növbəti uğurlu nümunələridir. Eyni zamanda, Qırğızıstan tərəfindən Ağdam rayonunda Manas adına məktəbin istifadəyə verilməsi işğaldan azad olunmuş ərazilərin bərpasına verilən siyasi və mənəvi dəstəyin, eləcə də iki ölkə arasında dostluq münasibətlərinin daha bir göstəricisidir. Göründüyü kimi, Çolpon-Ata Bəyannaməsində əksini tapan və Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşləri mexanizminə qoşulmasını nəzərdə tutan “Mərkəzi Asiya və Azərbaycan Dövlət Liderlərinin Formatı” regionlar arasında əməkdaşlığın yeni mərhələsini formalaşdırır. Bu təşəbbüs Prezident İlham Əliyevin həyata keçirdiyi fəal xarici siyasətin nəticəsi olmaqla yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da möhkəmlənməsinə, Türk dünyasının beynəlxalq platformalarda vahid mövqedən çıxış etməsinə və regional əməkdaşlığın güclənməsinə xidmət edir”, – deyə o vurğulayıb.