Prezident İlham Əliyev Estoniyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Konstitusiya.az xəbər verir ki, səfir etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Prezident İlham Əliyev səfirlə söhbət etdi.

Dövlətimizin başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.

Dövlətimizin başçısı səfirə fəaliyyətində uğurlar arzuladı.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğuladı.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd etdi.

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirdi.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulandı, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.