Gürcüstanın yeni səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

Oktyabrın 6-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanın ölkəmizə yeni təyin olunmuş səfiri Qiorqi Zakaraşvili ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, Ceyhun Bayramov səfiri təyinatı münasibətilə təbrik edib, ona iki ölkə arasında münasibətlərin daha da inkişafı istiqamətində diplomatik fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə ölkələrimiz arasındakı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin, mövcud olan yüksəksəviyyəli əlaqələrin ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı vurğulanıb.

Görüş zamanı Azərbaycan-Gürcüstan tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, iqtisadi-ticarət əlaqələri, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, müdafiə, və təhlükəsizlik və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub. Qarşılıqlı etimada əsaslanan əlaqələrin regionun sabitliyi və inkişafı baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulanıb. Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin önəmi qeyd olunub.

Tərəflər enerji və nəqliyyat sahələrində həyata keçirilən birgə layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu və Orta Dəhlizin, həmçinin Qara dəniz sualtı elektrik enerjisi kabeli kimi yaşıl enerji layihələrinin regional və qlobal əhəmiyyətini qeyd ediblər.

Nazir postmünaqişə dövründə regionda yaranmış reallıqlar, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, habelə Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə səfirə ətraflı məlumat verib.

Səfir fəaliyyəti dövründə Gürcüstan və Azərbaycan arasında strateji tərəfdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.