Bünövrə rolunu oynayan Konstitusiyamız hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı – ŞƏRH
Azərbaycan keçən əsrin sonlarında dövlət müstəqilliyini bərpa etsə də, həmin dövrdə ölkəyə rəhbərlik edən hakimiyyətlərin fəaliyyətsizliyi, hərc-mərclik, iqtisadi, sosial, ictimai və siyasi həyatda xaos hökm sürdüyündən milli hüquq sisteminin formalaşması üçün zəruri əsaslar yaranmamışdı. Yalnız xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra milli dövlətciliyin, hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu sahəsində əməli addımlar atıldı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nizami Səfərov bildirib.
O qeyd edib ki, bu addımların sırasında 1995-ci il mayın 2-də Azərbaycan Respublikasının ilk milli Konstitusiya layihəsinin hazırlanması üçün Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyasının yaradılması xüsusi yeri tutur.
“Əhəmiyyətli işlərə şəxsən rəhbərlik edən Ulu Öndər Komissiyanın 1995-ci il oktyabrın 3-də keçirilən iclasında qeyd etmişdi ki, bizim yeni konstitusiyamız birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, onun əbədi olduğunu, qorunub saxlanılmasını, onu yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməli, dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməklə Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir.
Qısa zaman kəsiyində Ümummilli Liderin rəhbərliyi və gərgin fəaliyyəti nəticəsində Konstitusiya komissiyası mühüm qanun layihəsini müvəffəqiyyətlə hazırladı. Ümumxalq səsverməsi nəticəsində Konstitusiyanın böyük ruh yüksəkliyi ilə qəbulu Ulu Öndərin dövlətçilik strategiyasının təntənəsinə çevrilərək, Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, qanunun aliliyinin təmin edilməsi, demokratik, dünyəvi dövlət quruculuğu, insan və vətəndaş hüquqlarının ən etibarlı formada təmin edilməsi, bütöv qanunvericilik sisteminin inkişafı üçün səmərəli hüquqi bünövrə rolunu oynayaraq, hüquqi dövlətin Azərbaycan modelini formalaşdırdı”.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, ölkəmizin Əsas Qanunu – Konstitusiyanın qəbul edilməsi, hakimiyyətlərin bölünməsi prinsiplərinin təsbit olunması, hüquq normalarının və qanunvericilik bazasının beynəlxalq standartlara uyğunlaşdırılması, müasir idarəetmə üsullarının bərqərar olması və müvafiq dövlət qurumlarının formalaşdırılması Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq proqramının tərkib hissəsidir.
“Ölkəmizin həyatının bütün sahələrində olduğu kimi, müasir dövlət quruculuğu və ümumbəşəri dəyərlərə əsaslanan hüquq sisteminin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri olub”, – deyə N.Səfərov əlavə edib.