Amerikalı ekspert: Azərbaycan regionda getdikcə daha böyük rol oynayır

Xüsusilə son bir ildə Azərbaycanın rolunun və beynəlxalq əlaqələrinin olduqca əhəmiyyətli dərəcədə artdığını görürük. Sülh sazişi istiqamətində baş verənləri və hazırda ABŞ ilə münasibətləri nəzərə alsaq, burada böyük inkişafın olduğuna şahidik.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Xəzər Siyasət Mərkəzinin tədqiqat direktoru Erik Rudenşold ötən il avqustun 8-də Ağ Evdə ABŞ, Azərbaycan və Ermənistan liderlərinin görüşünün ildönümü ilə bağlı deyib. O bildirib ki, Ermənistanda TRIPP dəmir yolu xətti ilə bağlı irəliləyiş var və yəqin ki, yaxın bir neçə ay ərzində layihənin təməli qoyulacaq. “Hesab edirəm ki, bağlantı imkanlarının genişlənməsi və əlavə dəmir yolu xəttinin yaradılması Orta Dəhlizi beynəlxalq investorlar və biznes üçün iqtisadi baxımdan daha cəlbedici və əlverişli edəcək. Məncə, bu, irəliyə doğru çox böyük addımdır. Eyni zamanda, Ermənistanla Azərbaycan arasında münasibətlərdə müsbət inkişafın, daha aşağı səviyyələrdə çoxsaylı əməkdaşlıq nümunələrinin şahidi olmuşuq. Məncə, sülhün həyata keçirilməsi baxımından ən vacib məsələlərdən biri də məhz budur. Bundan başqa, C6 formatında əməkdaşlığı və Çolpon-Atada keçirilən görüşü gördük. Azərbaycan bütövlükdə geniş regionda getdikcə daha böyük rol oynayır və düşünürəm ki, bu tendensiya davamlı olacaq”,- deyə ekspert əlavə edib.