ATƏT PA-nın prezidenti Milli Məclisdə olub

Sentyabrın 3-də ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro Milli Məclisdə olub.

Konstitusiya.az xəbər verir ki, ATƏT Parlament Assambleyasının prezidenti ilə görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycan ilə təşkilat arasındakı əməkdaşlıq, regionda sülhün və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə toxunub. O, ATƏT PA-nın regionda fəaliyyəti barədə fikirlərini bölüşüb, Azərbaycanın regionda sülh və sabitliyin təşviqində nümunəvi ölkə olduğunu diqqətə çatdırıb.

ATƏT Parlament Assambleyasının prezidenti Pere Joan Pons Sanpietro Azərbaycanın regiondakı geostrateji roluna, Avropa ilə iqtisadi-logistik əlaqələrə və parlament diplomatiyasının perspektivlərinə toxunaraq ölkəmizin geniş regionda qlobal iqtisadi layihələrin, logistikanın mərkəzində durduğunu və Avropanın etibarlı qaz təchizatçısı kimi mühüm rola malik olduğunu xüsusi vurğulayıb.

Pere Joan Pons Sanpietro Azərbaycanın Ermənistanla münasibətlərdə və regionda sülhün bərqərar olunmasında nadir bir model yaratdığını vurğulayıb.

ATƏT Parlament Assambleyasının prezidenti, həmçinin Milli Məclisin ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri ilə də görüşüb.

Milli Məclisin deputatı və ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Qaya Məmmədov Cənubi Qafqazda sülh prosesi, regional iqtisadi imkanlar və beynəlxalq dialoqun əhəmiyyəti barədə danışıb.

ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri, Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev Cənubi Qafqazda yaranan yeni geopolitik reallıqlar, ikitərəfli sülh danışıqları və regional nəqliyyat-logistika layihələrinə toxunublar, işğaldan azad edilmiş ərazilərdəki mina təhlükəsi və bunun insan həyatına vurduğu ağır fəsadlardan söz açıblar.

ATƏT Parlament Assambleyasının Prezidenti Pere Joan Pons Sanpietro regional sülh quruculuğu prosesini yüksək qiymətləndirərək, təşkilatın yeni geopolitik reallıqlara uyğunlaşmasının və regionda dayanıqlı sülhün dəstəklənməsinin vacibliyini qeyd edib.