Milli Məclisin sədri: Parlamentlər arasında əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafa xidmət edir
Parlamentlərin inklüzivliyi yalnız müxtəlif sosial qrupların və regionların təmsilçiliyi ilə məhdudlaşmır. Əsl inklüzivlik parlamentlərin qərar qəbuletmə prosesində bərabər iştirak imkanlarının təmin olunmasını nəzərdə tutur.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, bu fikri Milli Məclisin sədri Sahibə Qafarova İsveçrə Konfederasiyasına işgüzar səfəri çərçivəsində Cenevrədə yerləşən diplomatik korpus rəhbərləri və nümayəndələri ilə görüşdə çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bərabər təmsilçilik prioritetlərin müəyyənləşdirilməsi, qərarların formalaşdırılması və qəbul edilən qərarlara təsir imkanları ilə ölçülməlidir.
Parlamentin sədri qeyd edib ki, inkişaf hüququ da inklüziv və ədalətli idarəçilik yanaşmasının mühüm tərkib hissəsidir. Hər bir ölkənin öz milli prioritetlərinə və milli reallıqlarına uyğun inkişaf yolunu müəyyənləşdirmək, iqtisadi və institusional potensialını gücləndirmək, habelə vətəndaşlarının rifahını təmin etmək üçün bərabər imkanlara malik olması vacibdir.
Vurğulanıb ki, parlamentlər qanunvericilik fəaliyyəti, büdcə üzərində parlament nəzarəti, habelə beynəlxalq parlamentlərarası əməkdaşlıq vasitəsilə inkişaf hüququnun təmin olunmasına və dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə mühüm töhfə verirlər. Bu baxımdan, parlamentlər arasında bərabərhüquqlu əməkdaşlığın gücləndirilməsi inklüziv inkişafın və daha ədalətli beynəlxalq münasibətlər sisteminin formalaşdırılmasına xidmət edir.