Azərbaycan-Özbəkistan müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında mühüm geoiqtisadi körpü yaradır
Azərbaycan və Özbəkistan arasında münasibətlər son onilliklərdə ənənəvi diplomatik əlaqələrdən strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlib. Ölkələrimizi birləşdirən tarixi və mədəni yaxınlıq, qarşılıqlı siyasi etimad, eləcə də iqtisadi və nəqliyyat əlaqələrinin sürətlə inkişaf etməsi ikitərəfli münasibətləri yeni mərhələyə çıxarıb. Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin növbəti inkişaf mərhələsini müəyyən edən mühüm siyasi hadisədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Özbəkistanın beynəlxalq münasibətlər üzrə mütəxəssisi Giyosbek Uskanboev deyib.
Ekspert bildirib ki, Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci il oktyabrın 2-də qurulub. Müstəqilliyin ilk illərindən etibarən iki ölkə arasındakı əlaqələr iqtisadi, tarixi və mədəni yaxınlıq prinsiplərinə əsaslanıb. Münasibətlərin inkişafında son illər mühüm siyasi və hüquqi addımlar atılıb. 2022-ci ildə Azərbaycan və Özbəkistan prezidentləri Daşkənddə Strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın genişləndirilməsi haqqında Bəyannamə imzaladılar. 2024-cü il avqustun 23-də prezidentlər İlham Əliyev və Şavkat Mirziyoyev Özbəkistan Respublikası ilə Azərbaycan Respublikası arasında Müttəfiqlik münasibətləri haqqında Sazişə imza atdılar. Həmin səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın ilk iclasının keçirilməsi də münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından mühüm hadisə oldu. 2025-ci ilin iyulunda Bakıda Şuranın ikinci iclası keçirildi və bu çərçivədə iki ölkə arasında ticarət dövriyyəsinin 1 milyard ABŞ dollarına çatdırılması imkanları müzakirə edildi.
“Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrində ciddi dinamika müşahidə olunur. Son on ildə iki ölkə arasında ticarət dövriyyəsi 26 dəfə artaraq 2025-ci ildə 795 milyon ABŞ dollarına çatıb. Hazırda Özbəkistanda Azərbaycan investisiyalı təxminən 260 şirkət, Azərbaycanda isə Özbəkistan investisiyalı 130-dan çox müəssisə fəaliyyət göstərir. Birgə ticarət və investisiya layihələrinin ümumi dəyərinin 10 milyard ABŞ dollarını ötməsi iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir. Daşkənddə keçirilən IV Özbəkistan-Azərbaycan Regionlararası Forumunda 420-yə yaxın şirkətin iştirakı biznes dairələrinin qarşılıqlı əməkdaşlığa artan marağının göstəricisi kimi qiymətləndirib. İki ölkə arasında əlaqələr çoxsaylı sahələri əhatə etsə də, nəqliyyat və logistika sektoru strateji istiqamətlərdən biri kimi xüsusi əhəmiyyət daşıyır. Özbəkistanın ikiqat quru ilə əhatələnmiş ölkə olması onun xarici ticarətinin şaxələndirilməsini, dünya ölkələri ilə ticarət əlaqələrinin inkişaf etdirilməsini və yeni bazarlara çıxış imkanlarının genişləndirilməsini xüsusi əhəmiyyətli edir. Azərbaycan isə Mərkəzi Asiyanı Cənubi Qafqaz vasitəsilə Avropa ilə birləşdirən əsas coğrafi qovşaqlardan biridir. Məhz bu coğrafi üstünlük Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın mühüm geoiqtisadi əsasını formalaşdırır”, – deyə ekspert vurğulayıb.
O qeyd edib ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu – Orta Dəhliz bu əlaqələrin əsas istiqamətlərindən biridir. 2025-ci ilin iyulunda keçirilən danışıqlar zamanı Özbəkistanın Orta Dəhliz vasitəsilə tranzitinin 25 faiz artaraq 1 milyon tonu ötdüyü bildirilib. Mart ayında elektron icazə sisteminin tətbiqə başlanması bu istiqamətdə daşımaların səmərəliliyinin artırılmasına xidmət edən addımlardan biridir.
Avrasiyanın mərkəzi hissəsində regional bağlantı arxitekturasının mühüm dayağı
“Azərbaycan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər dənizində formalaşmış nəqliyyat infrastrukturu vasitəsilə Özbəkistanın Qərb bazarlarına çıxış imkanlarını genişləndirib. 2024-cü ildə Azərbaycan və Özbəkistan arasında tranzit yükdaşımalarının həcmi 2023-cü illə müqayisədə 18 faizdən çox artaraq 1,3 milyon tonu ötüb. Bu prosesi yalnız ikitərəfli nəqliyyat layihəsi kimi qiymətləndirmək düzgün olmaz. Burada Mərkəzi Asiya ilə Cənubi Qafqazın getdikcə daha sıx inteqrasiya olunan vahid geoiqtisadi məkan kimi formalaşmasından söhbət gedir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhlizlə əlaqələndirilməsi və gələcəkdə digər nəqliyyat marşrutlarının bu sistemə qoşulması Mərkəzi Asiyanın qlobal logistika sistemində rolunu daha da gücləndirə bilər. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də Orta Dəhlizi müxtəlif istiqamətləri birləşdirən çoxtərəfli nəqliyyat sisteminin mühüm elementi kimi qiymətləndirir. Bu baxımdan, Orta Dəhlizin Trans-Əfqan dəhlizi və Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu ilə əlaqələndirilməsi Mərkəzi Asiyanın alternativ nəqliyyat imkanlarını genişləndirə bilər. Azərbaycan-Özbəkistan münasibətləri yalnız siyasi və diplomatik əlaqələrlə məhdudlaşmır, ticarət, investisiya, nəqliyyat, enerji, mədəniyyət və çoxtərəfli əməkdaşlıq istiqamətlərində də genişlənir. Geoiqtisadi baxımdan iki ölkənin əsas üstünlüyü onların coğrafi mövqeyi ilə bağlıdır. Özbəkistan Mərkəzi Asiyanın mühüm iqtisadi və nəqliyyat mərkəzlərindən biri, Azərbaycan isə Xəzər hövzəsi ilə Cənubi Qafqazı, Türkiyəni və Avropa bazarlarını birləşdirən strateji qovşaqdır. Bu imkanlar nəqliyyat və iqtisadi əlaqələrin ardıcıl şəkildə inkişaf etdirilməsi ilə daha böyük regional üstünlüyə çevrilə bilər”, – deyə ekspert diqqətə çatdırıb.
G.Uskanboevin fikrincə, Azərbaycan–Özbəkistan müttəfiqliyinin perspektivi yalnız iki ölkə arasındakı münasibətlərin inkişafı ilə ölçülməməlidir. Bu müttəfiqlik Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin dərinləşməsinə, Türk dünyasında iqtisadi inteqrasiyanın güclənməsinə və Avrasiyanın mərkəzində yeni geoiqtisadi əməkdaşlıq məkanının formalaşmasına mühüm töhfə verə bilər. Əgər nəqliyyat və iqtisadi əlaqələr ardıcıl şəkildə inkişaf etdirilərsə, Azərbaycan-Özbəkistan müttəfiqliyi qarşıdakı illərdə yalnız ikitərəfli münasibətlərin deyil, həm də Avrasiyanın mərkəzi hissəsində regional bağlantı arxitekturasının mühüm dayaqlarından birinə çevrilə bilər.