“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-1.1-ci, 287.0.2-ci, 287.0.5-ci, 371-2.1.1–371-2.1.3-cü maddələrində, 371-2-ci maddəsinin “Qeyd” hissəsində və 558.1-1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Məcəllənin 37-1.1-ci maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi nəzərdə tutulur;

1.3. həmin Məcəllənin 287.0.2-ci və 287.0.5-ci maddələrində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “toxum” altsistemi nəzərdə tutulur;

1.4. həmin Məcəllənin 371-2.1.1–371-2.1.3-cü maddələrində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

1.5. həmin Məcəllənin 371-2-ci maddəsinin “Qeyd” hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;

1.6. həmin Məcəllənin 558.1-1-ci maddəsinin dispozisiyasında “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 462-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 2 (II kitab), maddə 259 (Cild I); 2024, № 2, maddələr 151, 157, № 7, maddələr 806, 812, 814, 815, № 8, maddələr 937, 948, № 12 (I kitab), maddə 1294, (II kitab), maddələr 1359, 1378, 1384; 2025, № 2, maddə 127, № 3, maddə 231, № 4 (I kitab), maddələr 325, 338, № 5, maddə 463, № 6, maddələr 541, 561, № 7, maddə 649, № 8, maddələr 746, 754, № 9, maddə 820, № 11, maddə 1018; 2026, № 1, maddələr 36, 41, № 2, maddələr 117, 123, № 3, maddələr 221, 223, 226, № 4, maddə 306, № 5 (I kitab), maddə 406; Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 iyul tarixli 715 nömrəli, 15 iyul tarixli 722 nömrəli və 5 avqust tarixli 752 nömrəli fərmanları) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 4-cü hissə üzrə:

3.1.1. 4.1-ci bəndə “Məcəlləsinin” sözündən sonra “37-1.1,” rəqəmləri, “275.2,” rəqəmlərindən sonra “287.0.2, 287.0.5,” rəqəmləri, “363.2,” rəqəmlərindən sonra “371-2.1.1–371-2.1.3-cü maddələrində, 371-2-ci maddəsinin “Qeyd” hissəsində,” sözləri və “mətnində,” sözündən sonra “558.1-1,” rəqəmləri əlavə edilsin;

3.1.2. 4.26-1-ci bənddə “maddəsinin dispozisiyasında” sözləri “maddəsində” sözü ilə əvəz edilsin;

3.1.3. 4.26-2-ci bənd 4.26-3-cü bənd hesab olunsun və aşağıdakı məzmunda 4.26-2-ci, 4.29-2-ci, 4.29-3-cü və 4.45-1-ci bəndlər əlavə edilsin:

“4.26-2. həmin Məcəllənin 287.0.2-ci və 287.0.5-ci maddələrində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Elektron kənd təsərrüfatı” informasiya sisteminin “toxum” altsistemi nəzərdə tutulur;”;

“4.29-2. həmin Məcəllənin 371-2.1.1–371-2.1.3-cü maddələrində “orqan (qurum)” dedikdə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;

4.29-3. həmin Məcəllənin 371-2-ci maddəsinin “Qeyd” hissəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti nəzərdə tutulur;”;

“4.45-1. həmin Məcəllənin 558.1-1-ci maddəsində “orqanın (qurumun) informasiya sistemi” dedikdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin “Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı” informasiya sistemi nəzərdə tutulur;”;

3.1.4. 4.53-cü bənddə “97.1-ci maddəsində” sözləri “37-1.1-ci və 97.1-ci maddələrində” sözləri ilə əvəz edilsin;

3.2. aşağıdakı məzmunda 5.35-1-ci bənd əlavə edilsin:

“5.35-1. həmin Məcəllənin 371-2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Milli Kibertəhlükəsizlik Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi baxır;”.

4. Bu Fərmanın 1.4-cü, 1.5-ci, 3.2-ci bəndləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 371-2-ci maddəsinə münasibətdə 1.1-ci bəndi, 3.1.1-ci, 3.1.3-cü yarımbəndləri 2027-ci il iyulun 1-dən qüvvəyə minir.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 sentyabr 2026-cı il