Azad olunan ərazilərdə həyata keçirilən quruculuq işləri dövlətin gücünü və siyasi iradəsini göstərir
Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra Böyük Qayıdış Proqramının birinci mərhələsini uğurla başa çatdırmaq üzrədir. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, müasir infrastrukturun yaradılması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi ölkənin qarşısında duran ən mühüm strateji vəzifələrdən biri olmaqla yanaşı, müasir tariximizin ən mühüm dövlət layihələrindən biri kimi qiymətləndirilir.
Bunu Konstitusiya.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
“Böyük Qayıdış Proqramının birinci mərhələsinə uyğun olaraq Şərqi Zəngəzur və Qarabağın demək olar ki, bütün ərazilərində qlobal miqyaslı hesab oluna biləcək layihələr həyata keçirilir. Əsas magistral avtomobil yolları, beynəlxalq əhəmiyyətli kommunikasiya xətləri, yerli əhəmiyyətli su elektrik stansiyaları və digər mühüm infrastruktur layihələri demək olar ki, tamamlanmaq üzrədir. Bu, mahiyyət etibarilə az qala yeni bir ölkənin yenidən qurulması qədər strateji əhəmiyyət daşıyan, eyni zamanda, çox böyük maliyyə tutumuna malik layihələrdir. Qısa müddət ərzində Qarabağın yenidən məskunlaşdırılması və Azərbaycan vətəndaşlarının öz doğma yurdlarına qayıtması tarixi hadisədir. Bununla belə, proses bununla yekunlaşmır və gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcək”, – deyə deputat qeyd edib.
Deputatın sözlərinə görə, bu böyük quruculuq prosesinə mane olan problem mina təhlükəsidir.
“Təəssüf ki, mina problemi hələ də davam edir. Azərbaycan tərəfi Vətən müharibəsindən dərhal sonra bu problemi birdəfəlik həll etmək üçün ciddi cəhdlər göstərsə də, Ermənistan mina xəritələrini təqdim etməkdən imtina etdi. Ermənilər hesab edirdilər ki, mina xəritələrini verməməklə bizə daha çox zərər vuracaqlar. Ermənistanın bu hərəkəti beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. Çoxsaylı müraciətlərimizə baxmayaraq, beynəlxalq təşkilatlar mina probleminə lazımi hüquqi-siyasi qiymət vermirlər. Bu isə Azərbaycanın mina təhlükəsinə qarşı öz imkanlarını daha da gücləndirməsini zəruri edir. Düzdür, torpaqlarımız minalardan təmizlənir. Lakin unutmaq olmaz ki, bu, uzunmüddətli prosesdir. Gec-tez biz bu problemin də öhdəsindən gələcəyik. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri isə dövlətimizin gücünü, siyasi iradəsini və strateji baxışını nümayiş etdirən tarixi layihələr kimi tarixə böyük hərflərlə yazılacaq”, – deyə deputat vurğulayıb.