Bakı-Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni imkanlar yaradır

Avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafında mühüm siyasi hadisə olmaqla yanaşı, iki qardaş ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin yeni mərhələyə keçdiyini nümayiş etdirdi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə baş tutan səfər çərçivəsində yüksəksəviyyəli danışıqların aparılması, Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şurasının üçüncü iclasının keçirilməsi, mühüm sənədlərin imzalanması, iqtisadi, humanitar və investisiya layihələrinin reallaşdırılmasına başlanılması münasibətlərin artıq konkret praktiki nəticələr üzərində qurulduğunu göstərdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Nicat İsmayılov deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Şavkat Mirziyoyevlə təkbətək görüşündə ikitərəfli münasibətlərin vəziyyəti, strateji tərəfdaşlığın və müttəfiqliyin inkişaf etdirilməsi məsələləri müzakirə edildi. Ardınca Ali Dövlətlərarası Şuranın üçüncü iclasının keçirilməsi münasibətlərin institusional əsaslarının möhkəmləndirilməsi baxımından diqqət çəkir. Bu görüşlərin mahiyyətinə politoloji baxımdan yanaşdıqda görünür ki, Azərbaycan və Özbəkistan arasında münasibətlər artıq ikitərəfli diplomatik əlaqələr çərçivəsindən çıxaraq daha geniş geosiyasi və geoiqtisadi məzmun qazanıb.

“Səfərin əsas siyasi nəticələrindən biri Azərbaycan və Özbəkistan prezidentləri tərəfindən Əbədi dostluq haqqında Müqavilənin imzalanması oldu. Sənəd iki dövlət arasında münasibətlərin siyasi-hüquqi əsaslarını möhkəmləndirməklə yanaşı, qarşılıqlı etimadın yüksək səviyyəsini və gələcək əməkdaşlığın uzunmüddətli perspektivə hesablandığını nümayiş etdirir. Azərbaycan və Özbəkistan xalqları arasında tarixi, mədəni və mənəvi yaxınlıq da müqavilənin siyasi mahiyyətini gücləndirən mühüm amildir”, – deyə siyasi şərhçi bildirib.

N.İsmayılov qeyd edib ki, səfərin mühüm məqamlarından biri də prezidentlərin qarşılıqlı təltif olunmasıdır. Şavkat Mirziyoyev Prezident İlham Əliyevə Özbəkistanın ali dərəcəli “Dostluq” ordenini, Prezident İlham Əliyev isə Özbəkistan Prezidentinə “Heydər Əliyev” ordenini təqdim edib. Bu təltiflər iki liderin münasibətlərin inkişafındakı xidmətlərinin yüksək qiymətləndirilməsinin rəmzi ifadəsidir. “Heydər Əliyev” ordeninin Şavkat Mirziyoyevə təqdim olunması, eyni zamanda, Ulu Öndərin Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafındakı irsinin və bu əlaqələrin siyasi davamlılığının simvolik ifadəsi kimi qiymətləndirilə bilər.

“Səfərin iqtisadi istiqaməti də geniş olub. İki ölkə arasında əməkdaşlıq enerji, bankçılıq, avtomobil sənayesi, investisiya, kənd təsərrüfatı və turizm kimi sahələri əhatə edir. Azərbaycan şirkətlərinin Özbəkistan bazarında fəaliyyətinin genişlənməsi, Özbəkistanın isə Qarabağ və Şərqi Zəngəzurun bərpasında iştirakı münasibətlərin praktiki və qarşılıqlı faydaya əsaslanan xarakterini göstərir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi və Xankəndidə tikiş fabrikinə investisiya qoyulması bu əməkdaşlığın konkret nümunələridir.

Bundan başqa, nəqliyyat da perspektivli istiqamətlərdəndir. Azərbaycanın coğrafi mövqeyi Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanı Cənubi Qafqaz və Avropa ilə birləşdirən marşrutlarda ölkəyə mühüm rol qazandırır. Özbəkistanın Mərkəzi Asiyanın mərkəzində yerləşməsi isə onu yeni logistika zəncirlərinin mühüm iştirakçısına çevirir.

Səfərin humanitar və mədəni komponenti də diqqət çəkir. Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışında prezidentlərin iştirakı təhsil və mədəni əlaqələrin ikitərəfli münasibətlərin mühüm istiqamətinə çevrildiyini göstərir. Yeni Daşkənddə “Azərbaycan” parkının təməlinin qoyulması isə iki xalq arasındakı qardaşlığın simvolik ifadəsidir”, – deyə siyasi şərhçi əlavə edib.

Onun fikrincə, bütün bunlar Azərbaycan-Özbəkistan münasibətlərinin daha geniş regional əhəmiyyət qazandığını göstərir. Mərkəzi Asiyanın beynəlxalq münasibətlər sistemində çəkisinin artması və Azərbaycanın Cənubi Qafqazda Şərq–Qərb əlaqələrinin mühüm iştirakçısına çevrilməsi Bakı–Daşkənd əməkdaşlığının regional əhəmiyyətini artırır. Əbədi dostluq haqqında Müqavilə, Ali Dövlətlərarası Şuranın üçüncü iclası, yeni investisiya və ticarət layihələri, 2030-cu ilədək 1 milyard dollarlıq ticarət hədəfi və humanitar təşəbbüslər münasibətlərin yeni mərhələsinin əsas göstəriciləridir. Bu əməkdaşlıq siyasi müttəfiqlik, iqtisadi tərəfdaşlıq, nəqliyyat-logistika əlaqələri və regional koordinasiya əsasında Cənubi Qafqazla Mərkəzi Asiya arasında yeni siyasi və geoiqtisadi imkanlar yaradır.