Bərpa olunan enerji mənbələrinin ərazisində günəş elektrik stansiyasının tikintisinə icazə alınması müddətinin uzadılması haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 iyul tarixli 1387 nömrəli Fərmanının 2.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Füzuli rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 15 noyabr tarixli 478 nömrəli Qərarı ilə Füzuli rayonunun inzibati ərazisində yerləşən, bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilmiş torpaq sahəsində günəş elektrik stansiyasının tikintisinə icazə alınmasının müddəti “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 6.7-ci maddəsinə uyğun olaraq 1 (bir) il müddətinə uzadılsın.

2. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu Qərarın 1-ci hissəsinə uyğun olaraq, tikintiyə icazə verildikdə həmin gündən, müəyyən edilmiş müddətdə tikintiyə icazə verilmədikdə isə müddət başa çatdığı gündən 3 (üç) gün müddətində bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, “ 19 ” “ oktyabr ” 2026-cı il

№ 345