Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır
2025-ci ilin avqustun 8-i Cənubi Qafqazın siyasi tarixində mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüşdə sülh sazişinin razılaşdırılmış mətni paraflandı, Birgə Bəyannamə imzalandı. Bu sənədlər Azərbaycan-Ermənistan münasibətlərində yeni mərhələnin siyasi əsaslarını formalaşdırdı. Bu nəticəni yalnız Vaşinqton görüşü ilə izah etmək düzgün olmazdı. Prosesin siyasi əsasları illər əvvəl Azərbaycanın irəli sürdüyü sülh gündəliyində formalaşmışdı. Azərbaycan sülh üçün beş əsas prinsip müəyyən etdi və bu prinsiplərin mərkəzində dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət dayanırdı. Prezident İlham Əliyevin siyasətinin əsas xüsusiyyəti də məhz bundan ibarətdir: Azərbaycan əvvəlcə öz ərazi bütövlüyünü bərpa etdi, daha sonra əldə edilmiş yeni reallığı diplomatik müstəvidə möhkəmləndirdi və sülh təşəbbüsünü konkret siyasi prinsiplər üzərində qurdu.
Bu fikirləri AZƏRTAC– a açıqlamasında “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyinin (İB) sədri Tural Nurməmmədov deyib.
Bu prosesdə ABŞ Prezidenti Donald Trampın rolunu xüsusi qeyd edən İB sədri bildirib ki, Tramp administrasiyasının fəal iştirakı Azərbaycan-Ermənistan sülh prosesinə əlavə beynəlxalq siyasi çəki verdi: “İlham Əliyevlə Tramp arasında aparılan məktublaşmalar və qarşılıqlı mesajlar da iki ölkə arasında münasibətlərin strateji xarakter aldığını göstərirdi. Vaşinqtonda əldə olunan razılaşmaların ən mühüm istiqamətlərindən biri regional kommunikasiyaların açılmasıdır. Bu baxımdan TRIPP layihəsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə bağlantının yaradılması yalnız nəqliyyat layihəsi deyil, Cənubi Qafqazda iqtisadi əməkdaşlığın və qarşılıqlı asılılığın yeni modelidir. Əslində, regionda baş verən dəyişikliklərin mahiyyəti budur: uzun illər münaqişə və qarşıdurma ilə xarakterizə olunan Cənubi Qafqaz indi sülh, kommunikasiya və iqtisadi inteqrasiya gündəliyinə keçir.
T.Nurməmmədov vurğulayıb ki, bu yeni status-kvonun formalaşmasında Azərbaycanın həyata keçirdiyi ardıcıl siyasətin xüsusi rolu var: “İlham Əliyevin uzaqgörən strategiyası nəticəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olunub, regional siyasi balans dəyişib və sülh üçün yeni imkanlar yaranıb. 8 avqustun əsas mesajı da məhz budur: Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, onun yerində Azərbaycanın təşəbbüsləri və regional maraqlar əsasında yeni siyasi-iqtisadi düzən formalaşır”.