Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir
Peşəkar hüquqi yardım almaq hüququ olan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir.
Konstitusiya.az xəbər verir ki, bununla bağlı məsələ parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasının gündəliyinə daxil edilmiş “Pulsuz hüquqi yardım haqqında” yeni qanun layihəsində əksini tapıb.
Sənəd layihəsinə əsasən,
Peşəkar hüquqi yardımdan istifadə edən şəxslərin hüquqları aşağıdakılardır:
– vəkil qurumunu və ya vəkili seçmək və onlardan imtina etmək;
– peşəkar hüquqi yardımın göstərilməsi üçün özü və ya qanuni nümayəndəsi vasitəsilə müraciət etmək.
Peşəkar hüquqi yardımdan istifadə edən şəxslərin vəzifələri aşağıdakılardır:
– hüquqi yardım göstərilməsinin operativliyinin, effektivliyinin təmin edilməsi və işin əsassız uzanmasına yol verilməməsi məqsədilə hüquqi yardım göstərən şəxslərə iş üzrə ona məlum olan bütün sənədləri və məlumatları təqdim etmək;
– hüquqi yardımın göstərilməsinə əsas olan halların dəyişməsi ilə bağlı hüquqi yardım göstərən şəxslərə vaxtında məlumat vermək.
Sənəd layihəsinə görə, pulsuz hüquqi yardım bu Qanunun 7.2-ci maddəsi nəzərə alınmaqla Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilən vəkillərin seçimi qaydalarına uyğun olaraq müəyyən edilən vəkillər tərəfindən göstəriləcək. Bu Qanunun 6.2-6.5-ci maddələri nəzərə alınmaqla peşəkar hüquqi yardım fərdi qaydada fəaliyyət göstərən vəkillər və ya vəkil qurumları və peşəkar hüquqi yardıma ehtiyacı olan şəxslərlə bağlanmış müqavilə əsasında həyata keçiriləcək. Həmin müqavilədə hüquqi yardımın dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcəyi ilə bağlı məlumat qeyd olunmalıdır.