Meksika mətbuatı Azərbaycan Prezidentinin Özbəkistana səfərini işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistana dövlət səfəri beynəlxalq medianın diqqətində olub. Meksika mətbuatında Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri ilə bağlı məqalə yayımlanıb.

Konstitusiya.az xəbər verir ki, Meksikanın Federicolamont.com portalında dərc olunan “Azərbaycan və Özbəkistan əbədi dostluq Müqaviləsi imzalayıb və Mərkəzi Asiyada C6 blokunu möhkəmləndirir” adlı məqalədə səfərin vacib məqamları oxuculara çatdırılır. Məqalə Bakı ilə Daşkənd arasında əldə olunan yeni razılaşmaların yalnız regional deyil, daha geniş beynəlxalq kontekstdə də maraq doğurduğunu göstərir.

Bildirilir ki, “Əbədi dostluq haqqında Müqavilə” Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələsinin siyasi-hüquqi əsasını formalaşdırır. Bakı-Daşkənd əməkdaşlığının dərinləşməsi Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat və iqtisadi körpü rolunu, eyni zamanda, Orta Dəhlizin strateji əhəmiyyətini daha da gücləndirə bilər. Bildirilir ki, saziş iki ölkə arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini daha yüksək siyasi səviyyəyə çıxarır və Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Məqalədə Daşkənddə keçirilən görüşlər zamanı Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iki ölkənin əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə etdikləri qeyd olunur. Vurğulanır ki, səfər çərçivəsində Ali Dövlətlərarası Şuranın üçüncü iclası da keçirilib. Tərəflər ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması məqsədini müəyyənləşdiriblər.

“Əbədi dostluq haqqında Müqavilə” yalnız siyasi münasibətləri deyil, həm də enerji, nəqliyyat, logistika, investisiya, rəqəmsal inkişaf, kənd təsərrüfatı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur. Saziş iki ölkənin ərazilərindən digər dövlətlərin tərəflərin suverenliyinə və təhlükəsizliyinə qarşı istifadə edilməməsi ilə bağlı öhdəlikləri də ehtiva edir.

Bu əməkdaşlığın mühüm istiqamətlərindən biri Orta Dəhlizdir. Azərbaycan Xəzər dənizi üzərindən Mərkəzi Asiyanı Cənubi Qafqaz, Türkiyə və Avropa ilə birləşdirən əsas tranzit mərkəzlərindən biri kimi çıxış edir. Özbəkistanla daha sıx əməkdaşlıq isə Mərkəzi Asiyanın dünya bazarlarına çıxış imkanlarını genişləndirə bilər”, – deyə məqalədə bildirilir.