Prezident İlham Əliyevin Pakistana dövlət səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də Pakistan İslam Respublikasına dövlət səfərinə gəlib.
Azərbaycan Prezidentinə xüsusi hörmət əlaməti olaraq dövlətimizin başçısının təyyarəsini Pakistanın hava məkanında bu ölkənin Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşılayıb və enənədək müşayiət edib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Pakistan Hərbi Hava Qüvvələrinin Nur Xan bazasında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycan Prezidentinin şərəfinə toplardan yaylım atəşi açıldı.
Prezident İlham Əliyevi Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif qarşıladı.
Sonra Azərbaycan Prezidenti və Pakistanın Baş naziri görüşdülər.

Prezident İlham Əliyev İslamabadda milli abidəni ziyarət edib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 11-də İslamabadda milli abidəni ziyarət edib.
Azərbaycanın və Pakistanın Dövlət bayraqlarının dalğalandığı meydanda Prezident İlham Əliyevin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Dövlətimizin başçısı milli abidənin önünə əklil qoydu.
Sonra “Fatihə” surəsi oxundu.
Qeyd edək ki, Pakistan xalqının milli birliyini təcəssüm etdirən bu abidənin inşasına 2004-cü ildə başlanılıb. Zəngin Moğol memarlıq üslubunda yaradılan abidənin 2007-ci il martın 23-də açılışı olub.


Prezident İlham Əliyevin İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib
Pakistan İslam Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyulun 11-də İslamabadda rəsmi qarşılanma mərasimi keçirilib.
Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşıladı.
Əvvəlcə rəsmi foto çəkdirildi.
Azərbaycan Respublikasının və Pakistan İslam Respublikasının Dövlət himnləri səsləndirildi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi.
Pakistan nümayəndə heyəti Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Baş nazir Məhəmməd Şahbaz Şərifə təqdim olundu.


Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub
İyulun 11-də İslamabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə məhdud tərkibdə görüşü olub.

