Xızıda vətəndaşların müraciətləri dinləniləcək

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev avqustun 14-də Xızı rayonunda Xızı və Abşeron rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, qəbul zamanı vətəndaşların nazirliyin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

Vətəndaşlar avqustun 5-11-də nazirliyə rəsmi şəkildə (info@sosial.gov.az elektron ünvanı və ya poçt vasitəsilə) müraciət edərək və ya “142” Çağrı mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Vətəndaşlar qəbula yazılmış şəxslərin əvvəlcədən tərtib olunmuş siyahısı əsasında qəbul ediləcəklər.