Azərbaycan–Özbəkistan münasibətləri dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilib
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsi Azərbaycan–Özbəkistan münasibətlərinin hazırkı inkişaf səviyyəsinin və qarşıdakı perspektivlərinin dəyərləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının müsahibədə səsləndirdiyi fikirlər, müxtəlif sahələrdəki əməkdaşlığa dair açıqlanan rəqəmlər bir daha göstərdi ki, Azərbaycan-Özbəkistan əlaqələri dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik prinsiplərinə uyğun olaraq sürətlə inkişaf edir. Dövlətlərarası əlaqələrin mükəmməl nümunəsinə çevrilən Azərbaycan–Özbəkistan münasibətləri, eyni zamanda, Türk dünyasında əməkdaşlığın genişlənməsinə, Mərkəzi Asiya və Cənubi Qafqazın vahid siyasi və geoiqtisadi mərkəzə çevrilməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Xanlar Fətiyev deyib.
Onun sözlərinə görə, dövlət başçılarının dostluğu dövlətlərarası sıx və intensiv siyasi dialoqun formalaşmasına mühüm töhfə verir. Prezident İlham Əliyevin müsahibədə vurğuladığı kimi, son beş ildə ən yüksək səviyyədə müntəzəm 15 qarşılıqlı səfər və sıx təmaslarımız bu əlaqələrin dinamik inkişafı və möhkəmlənməsi üçün əlverişli şərait yaradır.
“Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək siyasi səviyyəsinin, iki qardaş dövlətin strateji tərəfdaşlığının və sarsılmaz müttəfiqliyinin növbəti təcəssümüdür. Bu səfər, münasibətlərin daha da genişlənməsinə mühüm təkan verəcək, hərtərəfli əməkdaşlığın daha da genişləndirilməsi, yeni birgə təşəbbüslərin həyata keçirilməsi və müttəfiqlik münasibətlərimizin möhkəmləndirilməsi nöqteyi-nəzərindən böyük əhəmiyyətə malik olacaq”, – deyə deputat qeyd edib.
Onun sözlərinə görə, son illərin statistikası Azərbaycanla Özbəkistanın iqtisadi əməkdaşlığının dinamik artım tempinə malik olduğunu göstərir. Prezident İlham Əliyev müsahibəsində iki dövlət arasındakı ticarət dövriyyəsinin 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollar təşkil etdiyini bildirib. Ticarət dövriyyəsinin artmasında enerji, nəqliyyat və digər strateji sferalarda edilən əməkdaşlıqlar mühüm rol oynayır. O cümlədən, işğaldan azad edilmiş Füzuli rayonunda “Dostluq bağı” adlandırılan 100 hektarlıq nar bağının salınması, “Chevrolet” və “Isuzu” markalı avtomobillərin birgə istehsalı, Daşkənddə hotel və yaşayış kompleksinin, Daşkənd vilayətində “Sea Breeze Uzbekistan” turizm və yaşayış kompleksinin salınması, digər bu kimi əməkdaşlıqlar Azərbaycan-Özbəkistan iqtisadi əlaqələrinin hərtərəfli olduğunu göstərir. Yaxın gələcəkdə yaşıl enerji sahəsində əməkdaşlıq iqtisadi əlaqələrin mühüm elementinə çevriləcək.
“Azərbaycanla Özbəkistan beynəlxalq və regional platformalar çərçivəsində də yaxından əməkdaşlıq edirlər. İki dövlətin Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığı bütövlükdə Türk dünyasının iqtisadi inteqrasiyanın dərinləşməsinə təsirsiz ötüşmür. Prezident İlham Əliyev müsahibəsində bununla bağlı qeyd etdi ki, ölkələrimizin TDT, həmçinin digər təşkilatlar çərçivəsində fəal əməkdaşlığı Türk dünyasının daha sıx inteqrasiyasına və beynəlxalq arenada vahid mövqeyinin möhkəmlənməsinə töhfə verməyə davam edəcək.
2025-ci ilin noyabr ayında Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı ilə bağlı qərar qəbul edilib. Prezident İlham Əliyevin müsahibədə bildirdiyi kimi, Azərbaycanın bu prosesə fəal qoşulması nəticəsində əvvəllər C5 adlanan əməkdaşlıq formatı faktiki olaraq C6 formatına çevrilib, regional dialoq və strateji tərəfdaşlıq isə yeni məzmun və miqyas qazanıb. Azərbaycanın bu platformada iştirakı ölkəmizin Cənubi Qafqazı və Mərkəzi Asiyanı birləşdirən aktor olduğunu, Avrasiya coğrafiyasında orta gücə çevrildiyini nümayiş etdirir. Azərbaycan–Özbəkistan tərəfdaşlığı və müttəfiqliyi isə Cənubi Qafqaz və Mərkəzi Asiyanın vahid geosiyasi, geoiqtisadi məkan kimi birləşməsinə böyük töhfə verir”, – deyə o bildirib.
Deputat qeyd edib ki, vahid geoiqtisadi və geosiyasi məkanın formalaşdırılması həm Mərkəzi Asiya ölkələrinin Qərbə inteqrasiyası, həm də iştirakçı dövlətlərin nəqliyyat və logistika imkanlarının bir-biri ilə daha yaxından əlaqələndirilməsi, o cümlədən, Orta Dəhlizin imkanlarının genişləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
“Son illərdə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əlaqələri tamamilə yeni mərhələyə qədəm qoyub. Bunu həm ikitərəfli əlaqələr, həm də TDT çərçivəsində və C6 formatında əməkdaşlıq da təsdiq edir. Bu baxımdan, Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri yalnız Azərbaycan-Özbəkistan münasibətlərinin deyil, həm də TDT və C6 çərçivəsində əlaqələrin dərinləşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir.