İki dövlət arasında formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada və davamlı inkişafa töhfə verəcək

Son illərdə Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərdə yüksək dinamika müşahidə olunur. Bu xüsusda, yüksəksəviyyəli qarşılıqlı səfərlər, əldə olunan razılaşmalar, müxtəlif istiqamətlərdə əməkdaşlığın genişlənməsi ölkəmizin xarici siyasətinin mühüm istiqamətlərindən birinin artıq daha geniş geosiyasi və geoiqtisadi məzmun qazandığını göstərir.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov səsləndirib.

Komitə sədri bildirib ki, ortaq tarixi köklər, mədəni və mənəvi yaxınlıq üzərində formalaşan əlaqələr bu gün siyasi dialoq, iqtisadiyyat, investisiya, enerji, nəqliyyat-logistika və humanitar əməkdaşlığı əhatə edən strateji tərəfdaşlıq müstəvisində inkişaf edir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində iştirakı ortaq maraqlara malik dövlətlərin vahid əməkdaşlıq məkanının formalaşdırılmasına mühüm töhfə verir. Xüsusən Şərq-Qərb nəqliyyat bağlantılarının əhəmiyyətinin sürətlə artması bu əməkdaşlığın strateji önəmini daha da artırır.

“Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində bildirdiyi kimi, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir. Təbii ki, ölkəmizin Özbəkistan ilə strateji müttəfiqliyi bu baxımdan böyük önəm kəsb edir. Ölkələrimiz arasında tarixi-mənəvi yaxınlıq artıq konkret siyasi və iqtisadi mexanizmlərlə tamamlanaraq dövlətlərarası münasibətlərin ən yüksək səviyyədə inkişafını təmin edir”, – deyə Şahin İsmayılov qeyd edib.

Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası əlaqələrin hərtərəfli inkişafında mühüm rol oynadığını söyləyən Şahin İsmayılov bildirib ki, 2024-cü ildə “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə”nin və 2025-ci ildə “Müttəfiqlik münasibətləri haqqında Müqavilə”nin imzalanması dövlətimizin başçısının da qeyd etdiyi kimi, ölkələrimiz arasında əlaqələrin hüquqi və siyasi əsaslarını daha da gücləndirdi və əməkdaşlığımızın gələcək inkişafı üçün yeni imkanlar açdı.

Komitə sədri qeyd edib ki, qarşılıqlı etimad, yüksəksəviyyəli siyasi münasibətlər iqtisadi əlaqələrin genişlənməsini uğurla təmin edir. Mövcud iqtisadi göstəricilər də bu inkişafı əks etdirir. Belə ki, 2025-ci ildə Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin əvvəlki illə müqayisədə üç dəfədən çox artaraq 795 milyon dollara çatması ikitərəfli iqtisadi münasibətlərdə ciddi dinamikanın yarandığını göstərir. 2026-cı ilin yanvar-may aylarında da artım tendensiyası davam edib. Ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 33 faiz yüksəlib. Eyni zamanda, ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin fəaliyyəti iqtisadi sahədə əməkdaşlıq üçün geniş perspektivlər açır.

“Azərbaycan və Özbəkistan arasında müttəfiqlik münasibətlərinin dərinləşməsi qardaş xalqlarımızın rifahının yaxşılaşmasına xidmət etməklə yanaşı, regionun dayanıqlı inkişafında mühüm rola malikdir. Xəzər regionunda formalaşan yeni əməkdaşlıq modeli qarşılıqlı etimada, iqtisadi maraqların uzlaşdırılmasına, ortaq strateji maraqlara əsaslanmaqla bütövlükdə Avrasiya məkanında sabitliyə, bağlantıların güclənməsinə və davamlı inkişafa töhfə verəcək”, – deyə Şahin İsmayılov vurğulayıb.