Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb
Avqustun 28-də Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov Belarusda səfərdə olub.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazir müavini Belarusun xarici işlər naziri Maksim Rıjenkov ilə görüşüb.
Görüş zamanı iki dövlət arasında strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər müzakirə olunub. Azərbaycan və Belarus arasında dostluq münasibətlərinə söykənən strateji tərəfdaşlıq əlaqələrinin inkişafında iki ölkə liderlərinin rolu xüsusi vurğulanıb.
Daha sonra Azərbaycan və Belarus Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Belarus tərəfindən isə xarici işlər nazirinin müavini Pavel Utyupin rəhbərlik edib.
Məsləhətləşmələr zamanı ikitərəfli siyasi dialoqun müsbət dinamikası vurğulanıb, həmçinin Hökumətlərarası Komissiyanın və siyasi məsləhətləşmələr mexanizminin vacib rolu qeyd edilib.
Eyni zamanda, əldə olunmuş razılaşmaların icra vəziyyəti, habelə ticarət-iqtisadi, energetika, kənd təsərrüfatı, humanitar və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.
Bununla yanaşı, regional və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.
Məsləhətləşmələr çərçivəsində qarşılıqlı maraq kəsb edən digər ikitərəfli və regional məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.