Ötən gün narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib

Avqustun 27-də ölkə ərazisində qeydə alınan 48, əvvəlki dövrlərdən bağlı qalan 37 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 124, o cümlədən borclu şəxs qismində axtarışda olan 100 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Eyni zamanda, narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə ümumi çəkisi 3,9 kiloqram olan narkotik vasitə aşkarlanaraq götürülüb.

Həmçinin, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 1 tapança, 10 tüfəng, 4 patron darağı və 51 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər də saxlanılıb.