Milli Məclisin sədri: Geosiyasi gərginliklər inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir

Milli Məclisin sədri Sahibə Qafarova Kamboca Krallığının Pnompen şəhərində keçirilən “Sülh və ümumi rifah naminə həmrəylik: Beynəlxalq hüququn gücləndirilməsi və münaqişələrin sülh yolu ilə həlli” mövzusuna həsr olunan İkinci Parlamentlərarası Spikerlər Konfransına videomüraciət ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Sahibə Qafarova müraciətində 2025-ci ildə yaradılan gənc parlament təşkilatı olan Parlamentlərarası Spikerlər Konfransının parlament liderləri üçün açıq və səmərəli platforma kimi inkişafını davam etdirəcəyinə inamını ifadə edib. O, bu təşkilatın parlament diplomatiyasının inkişafına və konfransın mərkəzində duran məqsədlərə – sülh, beynəlxalq hüquqa hörmət, münaqişələrin sülh yolu ilə həlli və ümumi rifaha effektiv töhfə verə biləcəyinə əminliyini bildirib.

Milli Məclisin sədri diqqətə çatdırıb ki, silahlı münaqişələr, geosiyasi gərginliklər və humanitar böhranlar insan həyatına təhlükə yaradır, inkişafa mane olur və bərabərsizliyi dərinləşdirir. Heç bir ölkə təkbaşına davamlı sülhü təmin edə bilməz və heç bir cəmiyyət təcrid şəraitində çiçəklənə bilməz.

Sülhün beynəlxalq hüquqa əsaslanmalı olduğunu vurğulayan Milli Məclisin sədri qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin prinsiplərinə ardıcıl olaraq hörmət edilməli, mübahisələr dialoq, danışıqlar və digər sülh vasitələri ilə həll olunmalıdır.

Videomüraciətində parlamentlərin bu prosesdə praktiki məsuliyyətinə toxunan Sahibə Qafarova parlament diplomatiyasının bu gərginliyi azalda, inamı gücləndirə və mübahisələrin sülh yolu ilə həllinə töhfə verə biləcəyinə inamını bildirib, tədbir iştirakçılarına uğurlar arzulayıb.