ABŞ Quantanamoya qanunsuz miqrantların ilk partiyasını göndərib
Konstitusiya.az xəbər verir ki, qanunsuz miqrantları daşıyan ilk təyyarə ötən gün ABŞ-nin Kubadakı Quantanamo hava bazasına eniş edib. Bu barədə ABC telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Kanalın verdiyi məlumata görə, təyyarə Texas ştatının aeroportundan qalxıb və kiçik mühacir qrupunu, o cümlədən, Venesualadan olan “Tren de Aragua” transmilli mütəşəkkil cinayətkar dəstənin 10 üzvünü Quantanmoya çatdırıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona və Daxili Təhlükəsizlik Nazirliyinə ABŞ-nin Quantanamo hərbi bazasında yerləşən müvəqqəti miqrant saxlama mərkəzinin “tam tutuma qədər” genişləndirilməsi barədə tapşırıq verib.
Sənədin mətninə əsasən, mərkəzdə ABŞ-də qanunsuz şəkildə olan və ən təhlükəli cinayətkarlar hesab edilən əcnəbilərin saxlanması üçün əlavə yerlərin təmin edilməsi nəzərdə tutulur.
Bundan əvvəl Ağ Evdə çıxışı zamanı Tramp bildirib ki, onun planlarına əsasən, Quantanamoya 30 minə qədər qanunsuz mühacirin köçürülməsi mümkündür.