Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxara şəhərindəki “Poyi-Kalon” kompleksi ilə tanış olublar

Avqustun 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, birinci xanım Ziroatxon Mirziyoyeva və ailə üzvləri Buxara şəhərində “Poyi-Kalon” kompleksi ilə tanış olublar.

Bu kompleksin adı “Böyüyün ətəyində” mənasını verir. Onun əsas abidələrindən biri olan Kalon minarəsi 1127-ci ildə inşa olunub.

Kalon məscidi Buxaranın ən böyük məscididir. XVI əsrdə inşa olunan məsciddə eyni anda 12 min insanın ibadət etməsi mümkündür.

Kompleksdəki Mir-i Ərəb mədrəsəsi dini təhsil müəssisəsidir. Mədrəsə XVI əsrdə Abdullah Yəməni – Mir-i Ərəb tərəfindən inşa etdirilib.