Daxili işlər naziri Sumqayıtda vətəndaşların müraciətlərini dinləyəcək

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov sentyabrın 1-də Sumqayıt şəhərində növbəti vətəndaş qəbulu və polis orqanları, o cümlədən daxili qoşunlarda xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirəcək.

Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, qəbula yazılmaq istəyən şəhər sakinləri nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı avqustun 31-dək yaşadıqları ərazinin polis orqanına, habelə nazirliyin “E-Polis” mobil tətbiqi,e-xidmet.mia.gov.az elektron xidmət portalı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Polis orqanları və daxili qoşunlarda xidmət etmək arzusunda olan namizədlərin sıra baxışı sentyabrın 1-də saat 08:00-da Daxili Qoşunların Sumqayıt şəhərində yerləşən hərbi hissəsində keçiriləcək.

Qeyd edək ki, qəbula və sıra baxışına gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.