Azərbaycan-Özbəkistan münasibətlərindəki yeni mərhələ Türk dünyasının inteqrasiyasına təkan verir

Azərbaycan Prezidentinin qardaş Özbəkistana dövlət səfəri iki ölkə arasındakı münasibətlərdə yeni tarixi eranın başlanğıcı oldu və bunun hüquqi-siyasi əsasları imzalanmış çoxsaylı sənədlərdə, ən əsası isə “Əbədi dostluq haqqında Müqavilə”də əksini tapdı. Əlbəttə, bu müqavilə iki ölkə arasındakı münasibətlər kontekstində nə qədər əhəmiyyətlidirsə, bir o qədər də oxşar coğrafiyada yerləşən, eyni mədəniyyət, dil və etnik köklərdən gələn Mərkəzi Asiyanın digər dövlətləri üçün nümunə təşkil edən mühüm sənəd kimi qiymətləndirilməlidir. Çünki əldə olunan razılaşmalarda əksini tapan geostrateji məsələlərin həlli yalnız ikitərəfli münasibətlər kontekstində qiymətləndirilə bilməz. Bu hadisə həm iqtisadi, həm siyasi, həm də daha geniş regional və strateji müstəvidə dəyərləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycan-Özbəkistan münasibətlərində bu tarixi hadisə Türk Dövlətləri Təşkilatı çərçivəsində oxşar əməkdaşlıq mexanizmlərinin qurulması ilə gələcəkdə bu beynəlxalq təşkilatın qlobal münasibətlər sistemində real güc mərkəzinə çevrilməsi üçün mühüm əsas yaradır. “Özbəkistan–Azərbaycan münasibətləri həm coğrafi xarakterinə, həm də imzalanan sənədlərin məzmununa görə artıq çoxtərəfli xarakter daşıyır. Əldə olunan razılaşmalar və həyata keçirilməsi nəzərdə tutulan layihələr Türk dünyasının müxtəlif dövlətlərini bir-biri ilə daha sıx əlaqələndirən vahid iqtisadi, nəqliyyat və geosiyasi sistemin formalaşmasına xidmət edir. Bu baxımdan Trans-Xəzər marşrutu xüsusi əhəmiyyət daşıyır. Özbəkistan yüklərinin Trans-Xəzər marşrutu ilə daşınması üçün Türkmənistan ərazisindən istifadə mühüm amildir. İkinci mühüm məsələ Özbəkistandan daşınan yüklərin Azərbaycan üzərindən Avropaya çıxarılmasıdır. Bunun üçün həmin yüklərin Türkiyədən keçməsi zəruridir. Türkiyə isə Türk Dövlətləri Təşkilatının ən aparıcı üzvlərindən biridir. Beləliklə, Özbəkistan–Azərbaycan arasında formalaşan nəqliyyat əlaqələri avtomatik olaraq Türkiyəni bu prosesin mühüm iştirakçısına çevirir”, – deyə deputat vurğulayıb.

Hikmət Babaoğlu diqqətə çatdırıb ki, Çindən Özbəkistana gələn yüklərin böyük hissəsinin tikintisi yekunlaşmaqda olan Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu vasitəsilə daşınması nəzərdə tutulur. Bu isə Türk Dövlətləri Təşkilatının üzvü olan Qırğızıstanın formalaşan yeni nəqliyyat və iqtisadi sistemdə fəal iştirakını təmin edir: “Eyni yanaşmanı Qazaxıstanla bağlı söyləmək olar. Biz ilk növbədə Trans-Xəzər marşrutundan danışırıqsa, bundan sonra artıq marşrutun müxtəlif istiqamətlər üzrə şaxələndirilməsindən danışmalıyıq. Birinci istiqamət Aktau–Bakı, yəni şimal xəttidir. İkinci istiqamət isə Türkmənbaşı–Bakı, yəni cənub xəttidir. Bu məsələyə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə Azərbaycan Prezidenti İlham Əliyev arasında aparılan dialoqun məzmunu da əlavə edildikdə, qarşıdakı perspektivlər daha aydın görünür. Belə ki, Özbəkistandan daşınan yüklərin qəbulu və emalı üçün ayrıca limanın inşa edilməsi məsələsi gündəmdədir. Azərbaycan Prezidenti bu limanın prioritet layihələr çərçivəsində həyata keçirilməsi üçün müvafiq tapşırıqlar verdi. Bu isə Trans-Xəzər marşrutunun özünün şaxələndirilməsi prosesinə yeni imkanlar yaradır. Beləliklə, Xəzərin iki sahili arasında nəqliyyat əlaqələrinin genişlənməsi yalnız yükdaşıma imkanlarının artması deyil, eyni zamanda, Türk dünyasının iqtisadi məkanının daha sıx inteqrasiyası deməkdir”.

Deputat Zəngəzur dəhlizinin bu prosesdə xüsusi əhəmiyyət daşıdığını bildirib. “Zəngəzur dəhlizi Orta Dəhlizin ən mühüm seqmentlərindən biridir və gələcəkdə formalaşacaq geniş nəqliyyat sisteminin əsas bağlantı istiqamətlərindən birinə çevrilə bilər. Yüklərin Zəngəzur üzərindən daşınması imkanının yaranması Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyanı gücləndirəcək. Bunun nəticəsində özünəməxsus makro və mikroiqtisadi mühit formalaşa, yeni istehsal müəssisələri yaradıla və müxtəlif iqtisadi layihələr həyata keçirilə bilər. Hazırda Azərbaycan və Özbəkistan arasında investisiya fondunun həcmi 500 milyon dollar, Azərbaycan və Qırğızıstan arasında isə 200 milyon dollardır. Gələcəkdə Türkmənistanın və Qazaxıstanın da bu prosesə qoşulması ilə artıq milyardlarla dollar həcmində ortaq investisiyalardan danışmaq mümkün olacaq. Bu, özlüyündə yeni müəssisələrin, iqtisadi mexanizmlərin və iqtisadiyyatın formalaşması deməkdir. Ən başlıcası isə bütün bu iqtisadi imkanların Avropa və Asiya bazarları ilə əlaqələndirilməsi üçün real zəmin yaranır”, – deyə o qeyd edib.

Hikmət Babaoğlu deyib ki, bu proseslər Azərbaycan Prezidentinin daha əvvəl səsləndirdiyi strateji baxışların artıq konkret layihələr və institusional mexanizmlər vasitəsilə həyata keçirildiyini göstərir: “Söhbət Türk dövlətlərinin gələcəkdə beynəlxalq münasibətlər sistemində mühüm güc mərkəzlərindən birinə çevrilməsi perspektivindən gedir. Strateji məqsəd Azərbaycan Prezidenti və digər qardaş ölkələrin liderləri tərəfindən müəyyənləşdirilib. Bu məqsədin həyata keçirilməsi isə konkret layihələrlə dəstəklənir. Ona görə də hesab edirəm ki, qısa və orta müddətli perspektivdə Türk dövlətlərini daha güclü, daha vahid və daha inteqrasiya olunmuş birlik kimi görə biləcəyik”.