Azərbaycan xalqının seçimi yeni dövrün qurulmasında əsas rol oynayacaq
Beynəlxalq münasibətlər ekspertləri və siyasi ekspertlər Azərbaycanla bağlı təhlil apararkən Qarabağ Qələbəsindən əvvəl və sonra Azərbaycanı nəzərə almalıdırlar. Çünki bu iki dövr həm daxili siyasət, həm də xarici siyasət baxımından fərqli dövrlər kimi formalaşıb. Bunu Trend-in suallarını cavablayarkən UNEC-in Türk Dünyası İqtisad Fakültəsinin dekanı, Uludağ Universitetinin professoru Mehmet Yüce deyib.
O qeyd edib ki, bura Qarabağ Qələbəsindən əvvəlki və xüsusilə birinci dövr kimi görəcəyimiz Xankəndinin işğaldan azad edilməsindən öncəki dövrü daxildir.
“Azərbaycan bu dövrdə müstəqilliyini bərpa etsə də, Qarabağın işğalı səbəbindən ərazi bütövlüyünü təmin edə bilmədi. Ona görə də bu dövrdə Azərbaycan ərazisinin 20%-i işğal altında idi, BMT-nin bu işğal olunmuş torpaqların Azərbaycana məxsus olduğunu bildirdiyi qərarlara və bu problemi həll etmək üçün yaradılmış ATƏT Minsk qrupuna baxmayaraq Ermənistan geri addım atmadığı, ATƏT Minsk qrupunun Azərbaycanı dalana dirəməklə Ermənistana vaxt qazandırmağa çalışdığı bir dövr idi. Bu dövrdə Azərbaycanın həm daxili, həm də xarici siyasətinin əsas prioriteti işğal olunmuş torpaqların azad edilməsi olmuşdur. Bu prosesdə Azərbaycanın beynəlxalq münasibətlərdə əsas prioriteti Qarabağ məsələsində öz haqlılığını izah etmək olub.
44 günlük Vətən müharibəsinin qələbəsi Azərbaycan üçün yeni dövrün başlanğıcı oldu. Qarabağ Qələbəsindən sonra növbəti Azərbaycan 30 ildir beynəlxalq qurumlar və qlobal güclər tərəfindən təmin olunmayan ədaləti öz gücü ilə təmin edən, işğal altında olan torpaqlarını azad edən, ərazi bütövlüyünü təmin edən, suverenliyini tam təmin edən güclü orduya sahib, güclü liderlik göstərən Azərbaycandır.
Daxili və xarici siyasətdə qarşısına güclü hədəflər qoyan yeni Azərbaycanı hədəfinə çatmaq üçün əvvəlcədən nə edəcəyini bilən, güclü dünyagörüşünə malik lider idarə edə bilər. Çünki bu dövr Azərbaycanı yeni baxışla formalaşdıracaq Prezidentin təcrübəli, uzaqgörən, sözünə dünyada hörmətlə yanaşdığı bir dövrdür. Yəni Prezidentin ustadlıq dövrüdür. Azərbaycan xalqının bu seçkidə ölkəni idarə etmək üçün öz Prezidentinə verəcəyi səlahiyyət Azərbaycanın yeni dövrünün qurulmasında əsas rol oynayacaq. Bu seçkinin nəticəsi Azərbaycanın yeni dövrünü formalaşdıracaq. Rəhbərlik xalqının dəstəyi ilə Azərbaycanı öz məqsədinə aparacaq layihələr həyata keçirəcək”, – deyə o, əlavə edib.
Politoloq həmçinin vurğulayıb ki, digər tərəfdən, Azərbaycan ərazisində, o cümlədən işğaldan azad edilmiş Qarabağda keçiriləcək seçki Azərbaycanın siyasi bütövlüyünü bütün dünyaya bəyan edəcək:
“Ona görə də bu seçki Azərbaycanın siyasi tarixində Azərbaycanın yeni əsrini müəyyən edəcək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bütün dünyaya bəyan edəcək ən mühüm seçkilərdən biridir. Bu seçkinin nəticəsi Qarabağ zəfərinin qazandığı uğurların qorunub saxlanması və Azərbaycanın təhlükəsizliyinin təmin olunması baxımından çox əhəmiyyətli olacaq”.