08 Sentyabr 2026
DİN AMERİPOL-da müşahidəçi statusu qazanıb
Amerika Polis Qüvvələri Birliyinin (AMERİPOL) Direktorlar Şurasının 5-ci Fövqəladə Sammiti çərçivəsində Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) təşkilatda müşahidəçi statusunda təmsil olunması təmin edilib.
Bu barədə AZƏRTAC-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, müvafiq status DİN-in AMERİPOL-a üzv dövlətlərin aidiyyəti hüquq-mühafizə orqanları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, beynəlxalq polis əməkdaşlığı çərçivəsində qarşılıqlı məlumat və qabaqcıl təcrübə mübadiləsinin aparılması, eləcə də təşkilatın müvafiq tədbirlərində iştirak imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Müşahidəçi statusu, eyni zamanda, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, kibercinayətkarlıq, ekstremizm, insan alveri və digər müasir təhdidlərə qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da inkişaf etdirilməsinə xidmət edir.