Laçın Böyük Qayıdışın ən parlaq nümunələrindən biridir
İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Laçın isə Böyük Qayıdışın və bu istiqamətdə aparılan quruculuq siyasətinin ən parlaq nümunələrindən biridir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Soltan Məmmədov deyib.
O bildirib ki, dövlətimizin başçısının xüsusi diqqət və qayğısı ilə Laçında yaşayış məhəllələrinin, sosial obyektlərin, yolların, enerji və istehsal müəssisələrinin yaradılması istiqamətində mühüm layihələr icra olunur. Artıq Laçın şəhərinin siması əsaslı şəkildə dəyişib, keçmiş məcburi köçkünlərin doğma yurda qayıdışı üçün müasir və rahat yaşayış şəraiti yaradılıb.
Soltan Məmmədov qeyd edib ki, “Laçın şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Plan” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyənləşdirir: “Bu gün Laçında həyata keçirilən quruculuq işləri yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Burada bütöv bir şəhər infrastrukturu formalaşdırılır. Müasir yollar, sosial obyektlər, istirahət və turizm məkanları, enerji və istehsal müəssisələri yaradılır. Bütün bunlar Laçının gələcəkdə regionun mühüm iqtisadi və turizm mərkəzlərindən birinə çevrilməsi üçün möhkəm zəmin yaradır”.
Deputat Laçında bərpaolunan enerji layihələrinin həyata keçirilməsinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb: “Qarabağın və Şərqi Zəngəzurun yaşıl enerji zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırıqlarına uyğun olaraq Laçında su elektrik stansiyaları yaradılır və artıq bir sıra layihələr istifadəyə verilib. Həmçinin Laçın Beynəlxalq Hava Limanı rayonun nəqliyyat imkanlarını genişləndirməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun ölkənin digər bölgələri və beynəlxalq nəqliyyat şəbəkəsi ilə əlaqələrinin gücləndirilməsinə xidmət edir. Laçının turizm potensialının inkişaf etdirilməsi istiqamətində də mühüm addımlar atılır. Zerti kəndində istifadəyə verilən “Laçın” İstirahət Kompleksi bölgənin turizm imkanlarının genişləndirilməsinə və yeni iş yerlərinin yaradılmasına xidmət edir. Bununla yanaşı, “Laçın Aqro-Sənaye Parkı”nın yaradılması rayonun iqtisadi potensialının gücləndirilməsi və yerli istehsalın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu gün Laçın Azərbaycanın Böyük Qayıdış siyasətinin ən parlaq nümunələrindən biridir. Burada salınan yaşayış məhəllələri, məktəblər, yollar, enerji, turizm və istehsal infrastrukturu şəhərin gələcək inkişafının möhkəm əsasını yaradır. Ən başlıcası isə bütün bu quruculuq işləri illərlə doğma yurdlarından ayrı düşmüş insanların Laçına qayıdışını təmin edir”.