07 Sentyabr 2026
Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyə, Gürcüstan və İraqdan gələn azərbaycanlı din xadimlərindən ibarət 50 nəfərlik nümayəndə heyəti sentyabrın 7-də Fəxri xiyabanı, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət edib.
Konstitusiya.az xəbər verir ki, din xadimləri əvvəlcə Fəxri xiyabana gələrək Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin məzarını ziyarət edib, məzarı önünə gül dəstələri düzüblər.
Nümayəndə heyəti daha sonra Şəhidlər xiyabanına gəlib. Burada Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları ziyarət edilib, onların əziz xatirəsi ehtiramla yad olunub və məzarları üzərinə gül dəstələri qoyulub.
Səfər iştirakçıları “Türk şəhidliyi” abidəsini də ziyarət edərək Azərbaycan və Türkiyə qardaşlığı, eləcə də hər iki xalqın tarixi və mənəvi bağlılığı baxımından mühüm əhəmiyyət daşıyan şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər.
