Azərbaycan-Özbəkistan müttəfiqliyi Türk dünyasının gücünü artırır
Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsi iki qardaş ölkə arasında münasibətlərin hazırkı vəziyyəti və inkişaf perspektivləri ilə yanaşı, Türk dünyasında yeni geosiyasi və iqtisadi reallıqların formalaşması baxımından mühüm mesajlarla zəngindir. Müsahibədən də göründüyü kimi, Azərbaycan–Özbəkistan münasibətləri yalnız tarixi, mədəni və mənəvi yaxınlığa deyil, konkret siyasi, iqtisadi, investisiya, nəqliyyat, enerji və humanitar layihələrə əsaslanan hərtərəfli müttəfiqlik formatında inkişaf edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva söyləyib. O bildirib ki, Azərbaycan və Özbəkistan xalqlarını birləşdirən ortaq türk kökləri, dil və mədəni yaxınlıq, adət-ənənələr və tarixi yaddaş dövlətlərarası münasibətlərin möhkəm təməlini təşkil edir. Son illər bu baza üzərində siyasi və hüquqi əlaqələr də yeni mərhələyə yüksəlib. Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyev arasında formalaşmış dostluq, qarşılıqlı hörmət və etimad münasibətlərin bütün istiqamətlərinə müsbət təsir göstərir. Son beş ildə dövlət başçıları səviyyəsində həyata keçirilən 15 qarşılıqlı səfər də bunun mühüm göstəricisidir.
Deputat qeyd edib ki, 2024-cü ilin avqustunda Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri və 2025-ci ilin iyulunda Prezident Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri münasibətlərin hüquqi-siyasi bazasının möhkəmlənməsində xüsusi rol oynayıb. Həmin səfərlər çərçivəsində imzalanmış “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətləri yeni mərhələyə çıxarıb. 2023-cü ildə yaradılmış Ali Dövlətlərarası Şura isə strateji prioritetlərin əlaqələndirilməsi və əməkdaşlığın sistemli şəkildə inkişaf etdirilməsi üçün mühüm mexanizmə çevrilib.
“2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsinin üç dəfədən çox artaraq 795 milyon ABŞ dollarına çatması, 2026-cı ilin yanvar-may aylarında isə daha 33 faiz artım qeydə alınması iqtisadi əlaqələrin yüksək dinamizmini göstərir. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində kapitalla yaradılmış Azərbaycan–Özbəkistan İnvestisiya Şirkəti də qarşılıqlı investisiyaların genişləndirilməsi baxımından mühüm platformadır. Avtomobil sənayesində “Chevrolet” və “Isuzu” markalarının istehsalı üzrə birgə fəaliyyət isə əməkdaşlığın real istehsal nəticələrinə çevrildiyini göstərir. Azərbaycan, Qazaxıstan və Özbəkistanın yaratdığı “Yaşıl Dəhliz Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyət və Azərbaycan–Mərkəzi Asiya yaşıl enerji dəhlizi regionun enerji potensialını birləşdirərək Xəzər və Mərkəzi Asiyanı Avropa bazarları ilə əlaqələndirə bilər.
2025-ci ildə iki ölkə arasında tranzit daşımaların 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin birinci yarısında isə daha 12,2 faiz artımın qeydə alınması bu potensialın real göstəricisidir. Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu layihəsinin Orta Dəhliz və TRIPP ilə mümkün inteqrasiyası isə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni bağlantıların yaranmasına şərait yarada bilər”, – deyə Mehriban Vəliyeva qeyd edib.
Deputat vurğulayıb ki, mədəniyyət günləri, birgə incəsənət, elm və ədəbiyyat layihələri, Bakıda təməli qoyulmuş “Özbəkistan” parkı və Füzulidə fəaliyyət göstərən Mirzə Uluqbəy adına məktəb iki xalqın qardaşlığının mühüm nümunələridir. 2025–2026-cı tədris ilində Özbəkistanın 67 vətəndaşının Azərbaycanda, Azərbaycanın isə 176 vətəndaşının Özbəkistanda təhsil alması, habelə turizm əlaqələrinin genişlənməsi humanitar münasibətlərin dinamik inkişafını göstərir.
Azərbaycan–Özbəkistan münasibətlərinin regional əhəmiyyəti Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqla daha da artır. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində tamhüquqlu iştirakı və “C5” formatının faktiki olaraq “C6” formatına çevrilməsi ölkəmizin regiondakı artan rolunu göstərir. BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər platformalarda qarşılıqlı dəstək də siyasi əlaqələri gücləndirir.
“Azərbaycan–Özbəkistan müttəfiqliyi yalnız ikitərəfli münasibətlər deyil, Türk dünyasının inteqrasiyası, Mərkəzi Asiya–Cənubi Qafqaz əlaqələrinin və Şərq–Qərb nəqliyyat-enerji bağlantılarının inkişafı baxımından strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlığın gücü siyasi iradə ilə yanaşı, xalqlarımızın ortaq tarixi və qarşılıqlı rəğbətinə əsaslanır”, – deyə Mehriban Vəliyeva fikrini yekunlaşdırıb.