Azərbaycan-Özbəkistan münasibətləri möhkəm bünövrə üzərində müttəfiqlik səviyyəsinə yüksəlib

Azərbaycanın Mərkəzi Asiya ölkələri, o cümlədən Özbəkistanla əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycan-Özbəkistan münasibətləri bu gün iki ölkə liderlərinin dostluq, qardaşlıq münasibətləri, uzaqgörən siyasəti və qarşılıqlı səfərləri fonunda uğurla inkişaf edir. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) müsahibəsində iki dost ölkənin münasibətlərinin dünəninə baxış əsasında bu günü və perspektivləri özünün aydın ifadəsini tapır. Reallıq budur ki, iki qardaş ölkə – Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.

Dövlətlərimiz arasında siyasi dialoqun çox yüksək səviyyədə olduğunu vurğulayan deputat deyib: “2023-cü ilin avqust ayında təsis edilmiş Ali Dövlətlərarası Şura Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin daha da güclənməsi üçün mühüm institusional mexanizmə çevrilib. Bu platforma ölkələrimiz arasında uzunmüddətli əməkdaşlıq prioritetlərini müəyyənləşdirməyə, yeni təşəbbüslərin təşviqinə və müxtəlif sahələrdə qarşılıqlı fəaliyyətin səmərəli şəkildə əlaqələndirilməsinə xidmət edir. Şuranın Daşkənddə və Bakıda keçirilən iki iclası Azərbaycan-Özbəkistan münasibətlərinin yüksək inkişaf tempini, siyasi dialoqun ardıcıllığını və ölkələrimizin perspektivə hesablanmış birgə fəaliyyət əzmini nümayiş etdirir”.

Vüqar Rəhimzadə vurğulayıb ki, hazırda iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. İqtisadi sahədə də əlaqələr inkişafdadır. Dövlətimizin başçısı sözügedən müsahibəsində Azərbaycan-Özbəkistan münasibətlərinin mühüm istiqamətlərindən biri olan iqtisadi-ticari əməkdaşlıqdan da geniş bəhs etdi. Bu sahədə əldə edilən uğurlara diqqəti yönəldən Prezident bildirdi ki, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2025-ci ildə əvvəlki illə müqayisədə üç dəfədən çox artıb və 795 milyon dollar təşkil edib. Bundan əlavə, 2026-cı ilin yanvar-may aylarında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 faiz artaraq 144 milyon dollara çatıb. Üç il əvvəl 500 milyon ABŞ dolları məbləğində ümumi kapitalla təsis edilən Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti ölkələrimiz arasında investisiya əməkdaşlığının inkişafı üçün mühüm platformaya çevrilib.

Qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlıq nümunəsi

Ölkələrimiz arasında tarixən sıx mədəni əlaqələrin mövcud olduğunu deyən deputat əlavə edib: “Hər iki xalq bir-birinin mədəniyyətindən bəhrələnib, bir-birinin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib. Sovet İttifaqı dönəmində hər iki xalq arasında mədəni əlaqələr daha da inkişaf edib. Xüsusi qeyd olunmalıdır ki, Azərbaycan mahnıları Özbəkistanda olduqca məşhurdur. Özbəkistanda yaşayan azərbaycanlılar bu ölkənin elminə və mədəniyyətinə böyük töhfələr verirlər. Azərbaycan ilə Özbəkistan arasında ortaq köklərə, dil və mədəni yaxınlığa, əsrlər boyu formalaşan mənəvi dəyərlərə əsaslanan mədəni və humanitar əməkdaşlıq münasibətlərin ayrılmaz və vacib sahəsidir. Bu sahədə həyata keçirilən əməkdaşlıq xalqlarımız arasında qarşılıqlı anlaşmanın, etimadın, dostluğun və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsinə mühüm töhfə verir, humanitar əlaqələri yeni məzmunla zənginləşdirir”.

V.Rəhimzadə qeyd edib ki, Azərbaycan və Özbəkistan beynəlxalq platformalarda da səmərəli əməkdaşlıq edir. Türk Dövlətləri Təşkilatı (TDT) daxilində bu birlik, həmrəylik xüsusi qeyd edilir. Bu birlik, eyni zamanda, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın inkişaf perspektivlərini təqdim edir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunun artmasına, mövqeyinin möhkəmləndirilməsinə davamlı töhfələr verir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar bütün türk dövlətləri tərəfindən yüksək dəyərləndirilir. Azərbaycan ilə Özbəkistan arasında Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın və Özbəkistanın TDT daxilində siyasi dialoqun, iqtisadi əlaqələrin, nəqliyyat və logistika imkanlarının, təhsil, elm və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişafına verdikləri töhfə türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsinə xidmət edir.

“Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında formalaşan hərtərəfli əməkdaşlıq qarşılıqlı hörmət, etimad və ortaq maraqlar üzərində qurulmuş strateji tərəfdaşlığın nümunəsidir. Azərbaycan və Özbəkistan, həmçinin üzv və iştirakçı olduqları bütün beynəlxalq təşkilatlarda və çoxtərəfli platformalarda, xüsusən də BMT, İƏT, TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və Qoşulmama Hərəkatı çərçivəsində səmərəli əməkdaşlıq edir. Azərbaycan-Özbəkistan münasibətlərinin dünəninə, bu gününə və gələcəyinə baxış belə bir ümumiləşdirməyə əsas verir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan iki ölkənin münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək, bu əməkdaşlıq həm ölkələrimizin və xalqlarımızın, həm də bütün Türk dünyasının inkişafına əhəmiyyətli töhfələr verəcək”, – deyə deputat bildirib.