22 Avqust 2026
Polis əməkdaşları axtarışda olan şəxsləri saxlayıb, külli miqdarda çətənə kolu və silah-sursat aşkarlayıb
Avqustun 21-də polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyi üçün itkin düşmüş kimi axtarılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, keçirilən əməliyyat tədbirləri nəticəsində dələduzluq cinayətinə görə axtarışda olan 5 nəfər də saxlanılaraq istintaqa təhvil verilib.
Həmçinin tədbirlər zamanı yabanı halda bitmiş, ümumi çəkisi 140 kiloqram olan 3740 ədəd çətənə kolu aşkarlanaraq məhv edilib. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Bundan başqa, paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 2 qumbara, 13 tüfəng, 2 patron darağı və müxtəlif çaplı 43 ədəd patron aşkarlanaraq götürülüb.
DİN əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.