Əmək və əhalinin sosial müdafiəsi naziri Qəbələdə vətəndaşların müraciətlərini dinləyib
Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Qəbələ rayonunda Qəbələ və Oğuz sakinlərini qəbul edib.
Bu barədə AZƏRTAC-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Qeyd olunub ki, qəbuldan əvvəl Anar Əliyev və Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, ünvanlı sosial yardım, reabilitasiya vasitələri ilə təminolunma və digər məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları da olub.
Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.
Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.
