Azərbaycan Kuala Lumpurda beynəlxalq turizm sərgisində təmsil olunub
Azərbaycan Malayziyanın paytaxtı Kuala Lumpur şəhərindəki Dünya Ticarət Mərkəzində ənənəvi Dünya İslam Turizm və Ticarət Sərgisi/Dünya Mədəniyyət və İncəsənət Festivalında (WITEX and WCAF) təmsil olunub.
Konstitusiya.az xəbər verir ki, ölkəmizin turizm imkanları və mədəniyyətinin təbliği məqsədilə Malayziyadakı səfirliyimizin təşkilatçılığı ilə sərgidə Azərbaycan milli stendi nümayiş etdirilib. İslam turizmi sahəsində tanınmış sərgilərdən hesab olunan tədbirdə Azərbaycanla yanaşı, Malayziya, Yaponiya, Çin, Əlcəzair, Səudiyyə Ərəbistanı, Özbəkistan, Qazaxıstan da daxil olmaqla 100-dən çox milli stend nümayiş olunub. Sərginin açılışında Malayziya Baş Nazirinin Departamentində dini məsələlər üzrə nazir müavini Puan Marhamah binti Rosli, habelə Malayziya Turizm Agentliyi Assosiasiyasının prezidenti və WITEX/WCAF-ın sədri Dato’ Sri Mohd Xalid Harun ölkə rəsmiləri və diplomatik korpusun nümayəndələri ilə birlikdə Azərbaycan stendini ziyarət edib, mədəniyyət və turizm imkanlarımız barədə məlumatlandırılıblar.
Sərgi zamanı Azərbaycan stendini ziyarət edənlərə ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm sahəsində əldə etdiyi nailiyyətlər, mövcud turizm marşrutları barədə ətraflı məlumat verilib, milli geyimlərimiz, xalçalarımız, kəlağayı və digər sənətkarlıq nümunələri nümayiş etdirilib, ölkəmizin mədəni turizm potensialını əks etdirən broşürlər və suvenirlər tədbir iştirakçılarına paylanılıb.
Sərgiyə paralel olaraq WITEX nazirlər və baş icraçı direktorlar sammiti çərçivəsində aparılan panel müzakirələrində Azərbaycanın Malayziyadakı səfirliyinin müvəqqəti işlər vəkili Sərxan İsmayılov ölkəmizin turizm potensialı barədə təqdimat edib. O, Azərbaycanda turizm sahəsinin inkişafı ilə bağlı görülən işlər, ölkəmizin turizm məhsulları və marşrutları, UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınan nümunələr, eləcə də qış turizm imkanları haqqında məlumat verib.
