Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır
Azərbaycan ilə Özbəkistan münasibətləri son illərdə ikitərəfli diplomatik əlaqələrin uğurlu nümunəsinə, həmçinin Türk dünyasında siyasi etimadın, iqtisadi həmrəyliyin və ortaq gələcəyə baxışın ən parlaq modellərindən birinə çevrilib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibəsində səsləndirdiyi fikirlər bu münasibətlərin mahiyyətini bu günün siyasi gündəliyi ilə yanaşı, əsrlər boyu formalaşmış mənəvi yaxınlıq və qarşılıqlı rəğbət müstəvisində izah edir. Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə əsaslanır. Məhz bu təməl üzərində qurulan əlaqələr artıq müttəfiqlik mərhələsinə yüksəlib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, filologiya elmləri doktoru Elnarə Akimova deyib.
O qeyd edib ki, bu gün Azərbaycan-Özbəkistan münasibətlərinin ən mühüm xüsusiyyəti onun yalnız siyasi bəyanatlarla məhdudlaşmamasıdır. Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin şəxsi münasibətləri də bu prosesdə xüsusi rol oynayır. İki lider arasında mövcud səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində mühüm amildir. Azərbaycan və Özbəkistanın iqtisadi potensialı bir-birini tamamlayır və bu, gələcəkdə birgə müəssisələrin, istehsal zəncirlərinin və yeni investisiya layihələrinin sayının artmasına şərait yarada bilər. Enerji sahəsində əməkdaşlıq da münasibətlərin strateji xarakterini nümayiş etdirir. Özbəkistanın OZLITINEFTGAZ institutu ilə SOCAR-ın müvafiq strukturlarının bazasında yaradılmış “Neftegaztexnologiya” birgə müəssisəsi 2016-cı ildən fəaliyyət göstərir. Nəqliyyat və logistika da Azərbaycan–Özbəkistan münasibətlərinin gələcəkdə daha böyük geoiqtisadi çəki qazana biləcəyi sahələrdəndir. 2025-ci ildə iki ölkə arasında tranzit daşımalarının 6,7 faiz artaraq 1,4 milyon tona çatması, 2026-cı ilin yanvar-iyun aylarında isə daha 12,2 faiz artımla 675 min ton təşkil etməsi bu potensialın artıq praktik nəticələrə çevrildiyini göstərir.
Deputat diqqətə çatdırıb ki, Füzuli rayonunda salınan 100 hektarlıq “Dostluq bağı”, Füzulidə Mirzə Uluqbəy adına məktəb və şəhərin bərpasına göstərilən dəstək Özbəkistanın Azərbaycanın haqq işinə və Qarabağın dirçəlişinə verdiyi töhfənin konkret ifadəsidir. Füzulidə Azərbaycan və Özbəkistan bayraqlarının, iki qardaş xalqın iradəsinin və gələcəyə inamının yanaşı dayanması diplomatik protokoldan daha böyük məna daşıyır.
“Özbəkistan Milli Pedaqoji Universitetinin Nizami Gəncəvinin adını daşıması bu yaxınlığın simvolik ifadələrindən biridir. Bakının mərkəzində yaradılacaq 5 hektarlıq “Özbəkistan” parkı da bu qardaşlığın şəhər məkanında yaşayan rəmzinə çevriləcək. 2025–2026-cı tədris ilində 67 Özbəkistan vətəndaşının Azərbaycanda, 176 Azərbaycan vətəndaşının isə Özbəkistanda təhsil alması gələcək nəsillər arasında birbaşa əlaqələrin möhkəmlənməsinə xidmət edir. Füzulidə Mirzə Uluqbəy adına orta məktəbin fəaliyyəti isə iki xalqın elm və təhsil ənənələrinin yeni Qarabağ reallığında qovuşmasının nümunəsidir. Özbəkistandan Azərbaycana gələn turistlərin sayı 2024-cü ildə 46 min, 2025-ci ildə 62 min olub. 2026-cı ilin yanvar-avqust aylarında isə artıq 44 min Özbəkistan vətəndaşı Azərbaycana səfər edib”, – deyə deputat bildirib.
Onun fikrincə, Bakı–Daşkənd, İsmayıllı–Riştan, Şuşa–Xivə, Lənkəran–Buxara, Şəki–Kokənd, Biləsuvar–Termez, Mingəçevir–Namanqan, Füzuli–Gülüstan, Quba–Cizak və Beyləqan–Şəhrisəbz münasibətləri diplomatik əlaqələri şəhər və insanlar səviyyəsinə endirib. Naxçıvanla Ürgənc arasında da belə münasibətlərin qurulmasının planlaşdırılması bu xəttin genişlənəcəyindən xəbər verir. Azərbaycanla Özbəkistanın BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, ATƏT və Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda bir-birini dəstəkləməsi də siyasi etimadın mühüm göstəricisidir.
“Bu gün Azərbaycan-Özbəkistan münasibətlərinə baxarkən qarşıda duran mənzərə aydındır: ortaq tarix siyasi iradə ilə gələcəyin layihələrinə çevrilir. Prezident İlham Əliyevin müsahibəsində səslənən “qarşılıqlı faydaya əsaslanan iqtisadi tərəfdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək” fikri əslində münasibətlərin gələcək istiqamətini də göstərir. Bakı ilə Daşkənd arasında möhkəmlənən körpü iki paytaxtı deyil, bütöv coğrafiyanın gələcəyini bir-birinə bağlayır. Azərbaycanla Özbəkistan arasındakı qardaşlıq ifadəsi konkret layihələrə, milyardlarla ölçülə biləcək gələcək investisiyalara, yeni nəqliyyat xətlərinə, məktəblərə, istehsal müəssisələrinə, mədəni layihələrə və beynəlxalq platformalarda ortaq mövqelərə çevrilən real dövlət siyasətidir”, – deyən E.Akimova fikirlərini yekunlaşdırıb.