Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada yeni geosiyasi reallıqlar yaradır
Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə ölkələrimiz arasında təşəkkül tapmış strateji tərəfdaşlığın institusional, hüquqi və siyasi-geopolitik mahiyyətini hərtərəfli əks etdirən konseptual dövlət sənədi xarakteri daşıyır. Bu tarixi müsahibə iki qardaş ölkə arasında ən yüksək müttəfiqlik səviyyəsinə yüksəlmiş münasibətlərin hazırkı vəziyyətini, tarixi inkişaf dinamikasını və Avrasiya coğrafiyasında yaradılmış yeni geosiyasi reallıqların regional inteqrasiyaya təsirlərini sistemli şəkildə ortaya qoyur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
O xatırladıb ki, Sovetlər Birliyi dağıldıqdan sonra Azərbaycan ilə Özbəkistan arasında dövlətlərarası münasibətlərin formalaşması hamar xətt üzrə inkişaf etməyib, müstəqilliyin ilk illərindəki mürəkkəb siyasi şərait ikitərəfli əlaqələrə mənfi təsir göstərib. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycanın xarici siyasət kursunu müsbət mənada köklü surətdə dəyişdi. Ulu Öndərin uzaqgörən diplomatiyası və şəxsi nüfuzu sayəsində Özbəkistanla dialoq bərpa olundu, qarşılıqlı etimad mühiti yenidən formalaşdırıldı. Müəyyənləşdirilən strateji xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək əlaqələr tam yeni müstəviyə, strateji müttəfiqlik səviyyəsinə yüksəldildi.
“Bu çərçivədə mütəmadi qarşılıqlı səfərlər və imzalanmış beynəlxalq-hüquqi sənədlər ikitərəfli münasibətlərin yeni mərhələsinin əsasını təşkil edir. “Strateji tərəfdaşlığın dərinləşdirilməsi haqqında Bəyannamə” və “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki suveren dövlət arasında qarşılıqlı öhdəlikləri müəyyən edən fundamental aktlardır. 2023-cü ilin avqustunda təsis edilmiş Ali Dövlətlərarası Şura isə strateji tərəfdaşlığın dərinləşdirilməsi üçün mühüm institusional mexanizmə çevrilib”, – deyə deputat əlavə edib.
B.Məhərrəmov qeyd edib ki, iqtisadi müstəvidə nizamnamə kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkəti və Hökumətlərarası Komissiya ticari-iqtisadi əlaqələrin hüquqi bazasını möhkəmləndirir. Ticarət dövriyyəsinin 2025-ci ildə üç dəfədən çox artaraq 795 milyon dollara çatması, 130-dan çox özbək sərmayəli şirkətin Azərbaycanda fəaliyyət göstərməsi, “Chevrolet” və “Isuzu” markalı avtomobil və avtobus istehsalı, Füzulidə “Dostluq bağı” və Mirzə Uluqbəy adına məktəbin inşası iqtisadi və humanitar inteqrasiyanın göstəricisidir.
Onun sözlərinə görə, Azərbaycanın Vətən müharibəsindəki Zəfəri və 2023-cü il antiterror tədbirləri ilə suverenliyini tam bərpa etməsi Mərkəzi Asiya dövlətləri, o cümlədən Özbəkistan üçün müstəqil siyasət yürütmək və suverenliyini möhkəmləndirmək istiqamətində yeni şərait yaradır. Prezident İlham Əliyevin uğurlu enerji diplomatiyası və inkişaf etdirilmiş nəqliyyat infrastrukturu Mərkəzi Asiyadan Azərbaycana baxışı köklü surətdə yeniləmişdir. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşlərinə tamhüquqlu üzv kimi daxil olması ilə əvvəllər “C5” kimi tanınan platforma faktiki olaraq “C6” strateji formatına çevrilib. Bu format Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını vahid geoiqtisadi və geosiyasi məkanda birləşdirərək Türk dünyasının vahid güc mərkəzinə çevrilməsini sürətləndirir.
“Geoiqtisadi baxımdan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu və TRACECA Şərq-Qərb nəqliyyat dəhlizinin əsas oxunu təşkil edir. Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun Orta Dəhliz və TRIPP ilə inteqrasiyası, rəqəmsal gömrük rejiminin tətbiqi marşrutun rəqabətqabiliyyətliliyini artırır. Bununla yanaşı, iki ölkənin yaşıl enerji sahəsində strateji tərəfdaşlığı regional geoiqtisadiyyata yeni imkanlar yaradır. Prezident İlham Əliyevin “UzA” müsahibəsində vurğuladığı kimi, Azərbaycan, Qazaxıstan və Özbəkistanın energetika qurumları tərəfindən Bakıda təsis olunmuş “Yaşıl Dəhliz Birliyi” MMC Azərbaycan-Mərkəzi Asiya yaşıl enerji dəhlizi layihəsinin praktiki icrası üçün mühüm institusional platformadır. Layihə Mərkəzi Asiyanın bərpaolunan enerji potensialının Azərbaycan üzərindən Avropaya nəqlini nəzərdə tutur”, – deyə B.Məmmədov vurğulayıb.
Deputat, həmçinin diqqətə çatdırıb ki, ikitərəfli və regional inteqrasiyanın mühüm siyasi və mənəvi sütunlarından biri Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıqdır. Azərbaycan və Özbəkistan TDT-ni Türk dünyasının siyasi, iqtisadi və geosiyasi güc mərkəzinə çevrilməsini təmin edən aparıcı platforma kimi dəyərləndirir. Qəbələdə keçirilmiş TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşünün qərarları və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna tamhüquqlu üzv qəbul edilməsi institusional və mənəvi-mədəni inteqrasiyanı tamamlayır.
“Ümumilikdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin yeni geosiyasi reallıqlarla zənginləşdirdiyi strateji xətt göstərir ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi təkcə iki ölkənin milli maraqlarına deyil, həm də geniş Avrasiya məkanında sülhün, təhlükəsizliyin və davamlı tərəqqinin təmin olunmasına xidmət edir”, – deyə o fikrini yekunlaşdırıb.