Sazın və sözün birliyi: Ərzurumda Türk dünyasının aşıq sənəti təbliğ olunub

Ərzurumda Türkiyənin nüfuzlu “Mədəniyyət Yolu” Festivalı çərçivəsində “Aşıq sənəti: Türk dünyasının ortaq ədəbi xəzinəsi” mövzusunda konfrans və konsert proqramı təşkil edilib. Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Mədəniyyət Nazirliyinin birgə layihəsi çərçivəsində keçirilən tədbir ölkəmizin Türkiyədəki səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə reallaşıb.

Konstitusiya.az xəbər verir ki, tədbirdə şəhər rəhbərliyinin, Azərbaycan Mədəniyyət Mərkəzinin, Kars şəhərindəki baş konsulluğumuzun təmsilçiləri, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri və sənətsevərlər iştirak ediblər.

Giriş sözü ilə çıxış edən Ərzurum şəhər Mədəniyyət və Turizm müdiri Ahmet Yer və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov tədbirin əsas məqsədinin Azərbaycan və Türkiyədə geniş yayılan, eləcə də bütün Türk dünyasını əhatə edən aşıq sənətinin zəngin irsini tanıtmaq və yaşatmaq olduğunu qeyd ediblər.

Natiqlər əsrlər boyu inkişaf edən aşıq sənətinin musiqi, poeziya, dastan və teatr ənənələrini özündə birləşdirərək Türk dünyasının ortaq mədəni yaddaşını əks etdirən mühüm irs nümunəsi olduğunu vurğulayıblar. Həmçinin Türkiyə aşıq məktəblərindən Şərqi Anadolu, Azərbaycan aşıq məktəblərindən isə Qərbi Azərbaycan aşıqlarının bu zəngin ənənənin formalaşmasında və nəsildən-nəslə ötürülməsində xüsusi rol oynadığı diqqətə çatdırılıb.

Daha sonra konfransda Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Aşıq sənəti kafedrasının dosentləri, aşıq-ifaçılar Altay Məmmədov və Hafiz Kərimov, Türkiyənin Ərzincan Binali Yıldırım Universitetinin professoru Ali Kafkasyalı və Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım çıxış ediblər.

Məruzələrdə Azərbaycan aşıq məktəblərinin zənginliyinə nəzər salınaraq, hər bir bölgənin özünəməxsus ifa üslubu, musiqi və poetik ənənəsi ilə bu böyük sənət xəzinəsinə verdiyi töhfənin önəmi vurğulanıb. Qeyd olunub ki, aşıq sənəti yüzilliklər boyu xalqın mənəvi dünyasını, milli duyğularını, qəhrəmanlıq dastanlarını və həyat fəlsəfəsini sazın və sözün dili ilə bugünkü nəsillərə çatdırıb.

Konfransdan sonra keçirilən konsert proqramında Azərbaycan və Türkiyə aşıqları eyni səhnəni bölüşüblər. Sənətçilər saz və söz ənənəsinin seçilmiş nümunələrini Ərzurum sənətsevərlərinə təqdim edərək Türk dünyasının ortaq mədəni dəyərlərini nümayiş etdiriblər.

Azərbaycanlı aşıqlar — Aşıq Əli Quliyev, Altay Məmmədov, Hafiz Kərimov və Türkiyənin xalq ozanları İhsan Yavuzer ilə Rahim Sağlamın ifa etdikləri müxtəlif aşıq havaları tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.