Qars şəhərində şəhidlərimizin əziz xatirəsinə həsr olunan yürüş baş tutub
Türkiyənin Qars şəhərində 27 Sentyabr – Anım Günü ilə əlaqədar şəhidlərimizin əziz xatirəsinə həsr olunan yürüş və anım proqramı keçirilib.
Konstitusiya.az xəbər verir ki, Diasporla İş Üzrə Dövlət Komitəsi, Azərbaycanın Qarsdakı Baş Konsulluğu, Qafqaz Universiteti, Qars Bələdiyyəsi, Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Qafqaz Universiteti Azərbaycanlı Tələbə Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Qars Bələdiyyə sədri Ötüken Senger, Jandarma Komandanı Halil Çoşkun, Polis Müdiri Alptekin Aslantürk, Qafqaz Universitetinin müəllim-tələbə heyəti, eləcə də şəhər sakinləri iştirak ediblər.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, daha sonra onların ruhuna dualar oxunub.
Anım proqramının davamında Qars Bələdiyyə sədri Ötüken Senger və Azərbaycanın Qarsdakı Baş konsulu Qoşqar Zeynalov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçən şəhidlərin qəhrəmanlığından, onların əziz xatirəsinin daim ehtiramla yad edilməsinin əhəmiyyətindən bəhs ediblər.
Tədbirin sonunda şəhidlərin ruhuna ehsan verilib.