Şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri, veteranlar və Vətən müharibəsi iştirakçıları ilə görüş olub
Sentyabrın 25-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 27 Sentyabr – Anım Günü, 1 Oktyabr – Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı münasibətilə Azərbaycan Respublikası Prokurorluğunun veteranları, Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşları, həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının ailə üzvləri ilə görüş keçirilib.
Bu barədə AZƏRTAC-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əvvəlcə Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin bərpasında və müasir Azərbaycanın qurulmasında müstəsna xidmətləri olan Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Baş prokuror çıxış edərək bildirib ki, müasir müstəqil Azərbaycanın dövlətçilik konsepsiyasının əsasını qoymuş Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursu hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Ardıcıl və məqsədyönlü dövlət siyasətinin nəticəsi olaraq Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpası istiqamətində mühüm tarixi vəzifələr həyata keçirilib.
Qeyd olunub ki, Azərbaycan xalqının yaddaşında silinməz iz qoymuş 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımızın işğalına son qoyulub. Azərbaycan Ordusunun əldə etdiyi Zəfər ölkəmizin ərazi bütövlüyünün bərpasını təmin edib. 2023-cü ilin sentyabrında həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində isə Azərbaycanın suverenliyi tam bərpa olunub. Bu tarixi hadisələr şəhid və qazilərimizin qəhrəmanlığı, xalqımızın həmrəyliyi və dövlətimizin gücü sayəsində mümkün olub.
Baş prokuror diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq layihələri həyata keçirilir. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təmin edilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və həmin ərazilərdə zəruri infrastrukturun yaradılması qarşıda duran əsas vəzifələrdəndir.
Görüşdə Vətən müharibəsində iştirak etmiş prokurorluq əməkdaşlarının döyüşlərdə göstərdikləri şücaət və xidmətlər xüsusi qeyd olunub. Həmçinin Birinci və İkinci Qarabağ müharibələrində şəhid olmuş prokurorluq əməkdaşlarının dövlətçiliyimizin və ölkəmizin ərazi bütövlüyünün müdafiəsi naminə göstərdikləri fədakarlığın heç vaxt unudulmayacağı bildirilib.
Tədbirdə çıxış edən sabiq Baş prokuror İsmət Qayıbovun oğlu, Baş Prokurorluğun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəis müavini İsmayıl Qayıbov, prokurorluğun veteranı Seyfulla Aslanov, Vətən müharibəsinin iştirakçıları – Bakı Hərbi Prokurorluğunun müstəntiqi Ayxan Əhmədov və Sumqayıt Şəhər Prokurorluğunun müstəntiqi Xalıq Dadaşzadə, habelə Vətən müharibəsi zamanı xidməti vəzifələrinin icrası ilə əlaqədar xəsarət almış Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Ozal Həsənov Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələri və müharibə iştirakçılarına göstərdikləri diqqət və dəstəkdən, onların sosial müdafiəsinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib, göstərilən dövlət qayğısından məmnunluqlarını ifadə ediblər.
Tədbirə yekun vuran Baş prokuror prokurorluğun şəhid olmuş əməkdaşlarının ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların müraciət və qayğılarının diqqətdə saxlanılması istiqamətində tədbirlərin bundan sonra da davam etdiriləcəyini qeyd edib, prokurorluq orqanlarının şəhid ailələrinə, müharibə iştirakçılarına və prokurorluğun veteranlarına hər zaman dəstək olacağını vurğulayıb.