Şəhidlərimizin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib
Vətən uğrunda şəhidlik zirvəsinə yüksələn Cəfərov Zaur Hüseyn oğlu, Hüseynli İlqar Şəmiyyət oğlu və Tağıyev Hüseyn Oqtay oğlunun əziz xatirəsinə həsr olunmuş anım mərasimləri keçirilib.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində, həmçinin Hərbi Memorial Məzarlıqda keçirilən tədbirlərdə Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, yaxınları və döyüş yoldaşları iştirak ediblər.
Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimlərində çıxış edənlər şəhidlərimizin döyüşlərdə göstərdikləri qəhrəmanlıq və şücaətlərindən danışaraq onların şərəfli həyat yolundan bəhs ediblər.
Şəhidlərin ailə üzvləri və yaxınları onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinin daim uca tutulduğuna görə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, həmçinin Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

