Şahin İsmayılov: Mərkəzi Asiya ilə əlaqələrin genişlənməsi Azərbaycanın regional mövqeyini daha da gücləndirir
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr artıq ənənəvi siyasi və iqtisadi tərəfdaşlıq çərçivəsindən kənara çıxaraq, Avrasiya məkanında mühüm geosiyasi və geoiqtisadi əhəmiyyətə malik çoxşaxəli əməkdaşlıq modelinə çevrilir.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv qəbul edilməsinin tarixi əhəmiyyət daşıdığını qeyd edən komitə sədri diqqətə çatdırıb ki, ötən ilin noyabrında qəbul edilmiş bu qərar Azərbaycanın region ölkələri ilə münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcıdır və çoxtərəfli beynəlxalq əməkdaşlığın genişlənməsinə töhfə verəcək. Azərbaycan coğrafi baxımdan Cənubi Qafqazda yerləşsə də, Mərkəzi Asiya dövlətləri ilə ortaq tarixi köklərə, zəngin mədəni irsə, mənəvi dəyərlərə və geniş iqtisadi maraqlara malikdir. Lakin son illərdə bu yaxınlıq konkret siyasi qərarlar, birgə investisiya layihələri və strateji tərəfdaşlıq mexanizmləri ilə daha da möhkəmləndirilib.
“Prezident İlham Əliyevin Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışında qeyd etdiyi kimi son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib. Siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı yüksəksəviyyəli səfərlər müntəzəm xarakter alıb. İqtisadi-ticari əməkdaşlıq güclənir, qarşılıqlı investisiyalar artır və birgə layihələr həyata keçirilir. Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması, ölkəmizdə region dövlətlərinin kapitalı ilə 400-dən artıq şirkətin fəaliyyət göstərməsi qarşılıqlı iqtisadi maraqların getdikcə genişləndiyini göstərir. Bununla yanaşı, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla yaradılmış birgə investisiya fondları əməkdaşlığın daha yüksək səviyyəyə çatdırılması üçün mühüm imkanlar açır”, – deyə Şahin İsmayılov söyləyib.
Komitə sədri region dövlətləri ilə Azərbaycan arasında dostluq və qardaşlıq münasibətlərinin ən mühüm təzahürlərindən birinin də ölkəmizin işğaldan azad edilmiş ərazilərinin bərpasına göstərilən dəstək olduğunu diqqətə çatdırıb. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi xalqlarımız arasındakı mənəvi bağlılığın əməli ifadəsidir. Eləcə də Türkmənistanın təşəbbüsü ilə Füzulidə məscidin tikintisi bu həmrəyliyin daha bir nümunəsidir.
“Beləliklə, Azərbaycanın Mərkəzi Asiya ilə tərəfdaşlığı regionun gələcək iqtisadi və geosiyasi inkişafına təsir göstərən mühüm əməkdaşlıq platformasıdır. Bu tərəfdaşlığın daha da dərinləşdirilməsi ölkələrimizin iqtisadi potensialından səmərəli istifadə edilməsinə, beynəlxalq mövqelərinin möhkəmlənməsinə və xalqlarımızın rifahının yüksəldilməsinə geniş imkanlar yaradacaq”, – deyə Şahin İsmayılov vurğulayıb.