Səidə Davletova: Azərbaycan ilə Özbəkistan arasında münasibətlər rəsmi çərçivələrə sığmır
Azərbaycan ilə Özbəkistan arasında münasibətləri yalnız rəsmi çərçivələrə və protokol formatlarına sığdırmaq mümkün deyil. Çünki bu münasibətlərin təməlində xalqlarımızın dərin mənəvi və mədəni yaxınlığı dayanır.
Bu barədə “Özbəkistan 24” telekanalının jurnalisti Səidə Davletova AZƏRTAC-ın müxbirinə müsahibəsində bildirib.
“Azərbaycan ilə Özbəkistan arasındakı münasibətlərdən danışanda onları hansısa rəsmi çərçivəyə, hansısa protokola salmaq çətindir. Çünki burada güclü mənəvi bağlılıq var”, – deyə o qeyd edib.
S.Davletovanın sözlərinə görə, Azərbaycan və Özbəkistan xalqlarını dərin tarixi, mədəni və mənəvi bağlar birləşdirir.
“Xalqlarımız qədimdən bəri mənəvi cəhətdən bir-birinə yaxındır”, – deyə özbək mediasının nümayəndəsi bildirib.
O vurğulayıb ki, bu yaxınlıq iki dövlətin rəhbəri arasındakı münasibətlərdə də xüsusilə aydın şəkildə özünü büruzə verir: “Hətta görüşlər zamanı da bu aydın görünür, belə ki, dövlətlərimizin başçıları bir-biri ilə qardaş kimi ünsiyyət qururlar”.
“Əməkdaşlığımız strateji tərəfdaşlıq və müttəfiqlik ruhunda məhz bu təməl üzərində qurulur. Buna görə də əlaqələrimiz çoxsaylı istiqamətlər üzrə, demək olar ki, bütün sahələrdə inkişaf edir”, – deyə jurnalist bildirib.