Azərbaycan-Özbəkistan münasibətləri Mərkəzi Asiya-Cənubi Qafqaz əlaqələrinin güclənməsinə xidmət edir

Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri iki qardaş ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirən mühüm siyasi hadisə kimi yadda qaldı. Səfər çərçivəsində əbədi dostluq haqqında sənədin imzalanması Azərbaycan–Özbəkistan əlaqələrinin daha da möhkəmləndirilməsi, Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında bağlantı imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, son illər Azərbaycan və Özbəkistan prezidentlərinin qarşılıqlı səfərləri iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini göstərir: “Azərbaycanın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolunu gücləndirməsi və yeni əməkdaşlıq imkanlarının yaradılması xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın Mərkəzi Asiyada rolu getdikcə artır və bu proses Orta Dəhlizin genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Azərbaycan–Özbəkistan münasibətlərinin inkişafının bir neçə mühüm istiqaməti var. Bu istiqamətlərdən biri qarşılıqlı investisiyaların genişləndirilməsidir. Hazırda Özbəkistan Azərbaycana, Azərbaycan isə Özbəkistana sərmayələr yatırır. Bu, iki ölkə arasında iqtisadi əlaqələrin yalnız ticarətlə məhdudlaşmadığını, qarşılıqlı investisiya və birgə layihələr müstəvisində inkişaf etdiyini göstərir. Orta Dəhliz hər iki ölkənin maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Mərkəzi Asiyadan, o cümlədən Özbəkistandan gələn yüklərin Azərbaycan üzərindən Avropa bazarlarına daşınması baxımından ölkəmizin mühüm rolu var. Bu marşrutun inkişafı Azərbaycanın nəqliyyat-logistika imkanlarını genişləndirməklə yanaşı, Özbəkistan və digər Mərkəzi Asiya ölkələrinin dünya bazarlarına alternativ çıxış imkanlarını da artırır”.

Deputat qeyd edib ki, Zəngəzur dəhlizinin reallaşması Orta Dəhlizin potensialının daha da genişləndirilməsi üçün mühüm imkanlar yarada bilər. Azərbaycan ərazisindən keçən nəqliyyat xətlərinin şaxələndirilməsi Mərkəzi Asiya ilə Cənubi Qafqaz, Türkiyə və Avropa arasında yükdaşımaların daha səmərəli təşkilinə şərait yaradacaq. Bu baxımdan Azərbaycan-Özbəkistan əməkdaşlığının inkişafı Zəngəzur dəhlizi və Orta Dəhlizin gələcək imkanları ilə birlikdə daha geniş regional əhəmiyyət kəsb edir. Azərbaycan-Özbəkistan strateji müttəfiqliyi Mərkəzi Asiya ilə Cənubi Qafqazın vahid geoiqtisadi məkana çevrilməsi baxımından xüsusilə önəmlidir. Biz nəzərə almalıyıq ki, bu əməkdaşlıq ölkələrimiz qarşısında yeni imkanlar açır. Nəqliyyat, investisiya, ticarət və digər istiqamətlərdə əlaqələrin genişlənməsi iki region arasında qarşılıqlı iqtisadi asılılığı və əməkdaşlığı daha da gücləndirəcək. Azərbaycan-Özbəkistan münasibətlərinin inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verəcək. Azərbaycan TDT-nin fəal üzvlərindən biri kimi təşkilat daxilində nəqliyyat, iqtisadiyyat, enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Bakı-Daşkənd münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəlməsi bu əməkdaşlığın praktiki məzmununun zənginləşməsinə şərait yaradır.

C.Məmmədovun fikrincə, Orta Dəhlizin inkişafı, Zəngəzur bağlantısının perspektivləri və Azərbaycan-Özbəkistan əlaqələrinin genişlənməsi bir-birini tamamlayan proseslərdir. Bu proseslərin paralel şəkildə inkişafı Türk Dövlətləri Təşkilatının regional rolunun və əhəmiyyətinin artmasına səbəb ola bilər. “Yəni, Azərbaycan-Özbəkistan münasibətləri təkcə iki ölkə arasındakı əlaqələr baxımından deyil, bütövlükdə Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında vahid geoiqtisadi əlaqələrin formalaşması baxımından xüsusi önəm daşıyır. Zəngəzur dəhlizinin reallaşması, Orta Dəhlizin potensialının tam ortaya qoyulması və Türk Dövlətləri Təşkilatının regional rolunun gücləndirilməsi baxımından Prezident İlham Əliyevin Özbəkistana səfəri ölkəmiz üçün yeni imkanlar yaradan mühüm siyasi hadisədir”, – deyə Milli Məclisin deputatı vurğulayıb.