Şuşa şəhərində keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev avqustun 24-də Şuşa şəhərində vətəndaşlarla görüşüb.
Komitədən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Şuşa və Xankəndi şəhərlərinin, Ağdərə və Xocalı rayonlarının sakinləri iştirak ediblər. Vətəndaşların müraciətlərində, əsasən, qayıdışın qeydiyyatı və təşkili, vahid aylıq müavinət, məşğulluq və digər sosial müdafiə tədbirləri haqqında müraciətlər üstünlük təşkil edib.
Prezident İlham Əliyevin sosial siyasətində məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılmasının, məşğulluğunun artırılmasının daim prioritet istiqamət olduğu, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanlara xüsusi diqqət və qayğı göstərdiyi görüşdə iştirak edən vətəndaşlara bir daha xatırladılıb. Qeyd edilib ki, hazırda dövlətimizin başçısının qarşıya qoyduğu ən mühüm vəzifə işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, keçmiş məcburi köçkünlər üçün təhlükəsiz və layiqli həyat şəraitinin yaradılması, onların doğma yurda qayıdışının sürətləndirilməsi, dayanıqlı məskunlaşmanın təmin edilməsidir.
Böyük Qayıdışın uğurla davam etdiyi, mərhələli qaydada aparılan bu prosesdə, ilk növbədə, müvəqqəti məskunlaşma yerlərində ən ağır vəziyyətdə yaşayan ailələrin köçürülməsinə üstünlük verildiyi diqqətə çatdırılıb.
Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll edilib. Müraciətlərdə vurğulanan digər məsələlərin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.